Türkiyə Prezidenti yanında Şura üzvü: Brüssel görüşü xoş məramdan xəbər vermir

 

Brüsseldə keçiriləcək görüşə Azərbaycan və Türkiyənin dəvət olunmaması heç bir halda xoşməramlı yanaşma kimi qiymətləndirilə bilməz.

Bunu açıqlamasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, keçmiş deputat İsmail Safi bildirib.

Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin iştirakı ilə nəzərdə tutulan üçtərəfli danışıqları şərh edən siyasətçinin fikrincə, sözügedən toplantının bu formatda təşkili beynəlxalq prinsiplərin pozulması anlamına gəlir. Şura üzvü söyləyib ki, çünki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, daimi sülhün, sabitliyin, rifahın təmin olunması üçün 3 ardıcıllığa riayət etmək əsas şərtdir:

“Əvvəla, hər hansı beynəlxalq münaqişə baş verərsə, orada iştirak edən ölkələrin iki tərəf olaraq danışıqlar masasına oturması birinci prinsipdir. Daha sonra region ölkələri bir araya gələ və ardınca üçüncü tərəflər toplanaraq həll yolunu tapa bilərlər. Bu prinsiplərə əməl olunduğu müddətdə daimi sülhün bərqərar edilməsinə nail olmaq mümkündür. Ona görə də əvvəlcə Azərbaycan və Ermənistanın danışıqlar masasına əyləşməsi, daha sonra Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İran kimi region dövlətlərin bir araya gəlməsi, nəhayət, Azərbaycan, Ermənistan, ABŞ və Avropa İttifaqının, o cümlədən, digər ölkələrin birlikdə problemin həlli üçün toplanmaları mümkündür. Əks təqdirdə, bu, beynəlxalq prinsiplərin pozulmasıdır”.

İ.Safi deyib ki, Bakı və İrəvan arasında sülh danışıqlarının davam etdiyi bir dövrdə keçiriləcək Brüssel görüşünə Azərbaycan və Türkiyənin dəvət edilməməsi beynəlxalq aləmdə yeni münaqişə yaratmaq cəhdi kimi qarşılanacaq:

“Azərbaycan türkləri 30 ilə yaxın soyqırımına, qırğına, işğala məruz qalıblar. Son illərdə isə bölgədə sülh və normallaşma fürsəti yaranıb. Vaşinqtonun və Brüsselin məsuliyyətsiz yanaşmaları üzündən bu fürsət əldən çıxa bilər. ABŞ Dövlət Departamentinin rəsmisi bu danışıqların hər nə qədər Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı olmadığını desə də, tərəflər davam edən sülh prosesinə xələl gətirə biləcək bu cür təşəbbüslərə daha həssas yanaşmalıdırlar”./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password