Gürcü politoloqlar: Brüssel görüşü bölgədə yeni gərginliyin əsasını qoyacaq
Gürcüstanın siyasi icmalçıları aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen arasında keçiriləcək üçtərəfli görüşü bölgə üçün yeni təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.
Hərbi-siyasi ekspert Vaxtanq Maysaya açıqlamasında bildirib ki, yalnız Ermənistanın baş naziri Nikol Paşinyanın tədbirə dəvət edilməsi normal hal deyil.
“Regionda sülh və inkişaf üçün çalışan Gürcüstan, Azərbaycan, Türkiyə rəsmiləri danışıqlara dəvət olunmayıblar. Bu isə normal qiymətləndirilə bilməz”.
İranın harada olacağına gəldikdə, ekspertin qənaətincə, Tehran çox güman ki, Rusiya ilə birləşəcək: “Beləcə 3 böyük alyans yaranmış olacaq”.
Siyasi şərhçi Giorgi Caxayanın sözlərinə görə, Brüssel görüşü 8 kəndin Azərbaycana verilməsində qərarlı olan N.Paşinyanın siyasətinə etimadla bağlı bir növ referenduma çevriləcək növbədənkənar seçkilərlə bağlıdır: “Paşinyan seçkilərdə qalib gəlsə deyə bilər ki, Azərbaycanla sülh sazişi imzalamaq müqabilində Qazaxın kəndlərini təhvil verməyə razıdır”.
Politoloq Simon Kopadze isə düşünür ki, Vaşinqton və Brüssel hansısa yeni münaqişə yaratmaq üçün çalışmır. Onun qənaətincə, Qərb Ermənistanı Rusiyanın təsirindən minimum itki ilə çıxarmaq üçün çalışır: “Baş tutacaq görüşdə Rusiyanın tabeliyindən çıxmaq prosesi müzakirə ediləcək. Təbii ki, bunlar mənim qənaətimdir. Bu görüşdə Rusiyanın təsirindən çıxmaqla yanaşı, Azərbaycanla sülh sazişinin imzalanması məsələsi də aktual olacaq. Çünki sülhü təmin edən həm də regionda təsir gücünə malik olacaq. Onun üçün də onlar çalışırlar ki, sülh sazişi maksimum tez imzalansın. Brüssel görüşünə təkcə Ermənistanın dəvət olunması isə başqa amillə bağlıdır. Onlar Paşinyana Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini başa salmaq üçün çalışırlar. Bu da təbii ki, ilk olaraq Ermənistanın xeyrinədir”.