“Qərb anlamalıdırki, Bakı onun oynunu poza bilər” –“Bizim üçün Paşinyan hakimiyyəti və ya qeyrisinin heç bir fərqi yoxdur!”
Ermənistanın Baş naziri Nikol Paşinyanın ailə qəzetində İrəvanın Azərbaycana qarşı planlarını əks etdirən tezislər dərc olunub.
Əsas diqqət Azərbaycan-Qərb toqquşmasına nail olmağa yönəldilib:
– Azərbaycan Ermənistanı nə qədər müharibə ilə hədələsə, Qərb Ermənistanı bir o qədər dəstəkləyəcək;
– Hərbi eskalasiya olacağı təqdirdə Ermənistan hökuməti Moskvaya müraciət etməyəcək;
– Azərbaycan güc tətbiq etsə və ya sülh müqaviləsi imzalamasa, ABŞ və Avropa ilə toqquşacaq.
Politoloq FərhadMəmmədov tezisləri şərh edərkən bildirib ki, Ermənistan rəhbərliyi Qərbin onun yanında olduğundan arxayındır: “Açıq desək, Qərb bütün səviyyələrdə Azərbaycan qarşısında irəli sürdüyü əsas şərt sülh müqaviləsinin imzalanmasıdır. Qərb bunda maraqlıdır. Çünki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan-Türkiyə normallaşma prosesi gələcək və bu, Rusiyanı bölgədə daha da sıxışdıracaq. Yəni məqsəd geosiyasidir”.
Ekspert qeyd edir ki, Bakı isə sülh müqaviləsi üçün danışıqlarda aydın və ədalətli şərtlərini bildirib:
“- nəqliyyatda – Naxçıvana maneəsiz çıxış və bu əlaqənin beynəlxalq təhlükəsizlik mexanizmləri;
– sərhəddə – işğaldakı 4 sərhəd kəndimizin qeyd-şərtsiz azad edilməsi, anklavların danışıqlar mövzusu olması;
– sülh müqaviləsinə görə – Konstitusiyaya dəyişiklik edilməsi və “dağlıq Qarabağ”ın qeyd olunduğu bütün sənədlərin ləğvi.
Bura həm Ermənistana, həm də onun himayədarlarına daha çox aid olan şərti hələ də əlavə etmək olar: Qarabağın bərpasını əhatə edən təzminatlar.
F.Məmmədov bildiri ki, aprelin 5-də ABŞ/Aİ-Ermənistan formatında gözlənilən sammitdə Qərbin Paşinyana Azərbaycanın ədalətli şərtlərini yerinə yetirməkdə köməklik edəcəyi, yoxsa buna məhəl qoymayacağı hələlik bəlli deyil: “Son iki il yarımda Qərbə fürsət verilib. Ancaq Qarabağ və “Laçın dəhlizi” ilə bağlı mövqeyi, eləcə də “Qranada” bəyanatı – bütün bunlar Azərbaycanda Qərblə bağlı qeyri-müəyyənlik yaradıb. Ermənistan və Qərb Azərbaycanın ədalətli tələblərindən xəbərdardır və sülhə nail olmaq, kommunikasiyaları açmaq, sərhədləri müəyyən etmək üçün nə etmək lazım olduğunu bilirlər. Paşinyanın 4 kəndlə bağlı açıqlaması açıq şəkildə göstərir ki, maarifləndirməyə ehtiyac var. Qərbin başını divara çırpıb təhdid və şərtlər mexanizmindən istifadə etməsi deyil, Paşinyana Azərbaycanın ədalətli gözləntilərini reallaşdırmağa kömək etməsi məqsədəuyğun olardı…
Əgər Qərb əvvəlki kimi Paşinyanın bütün mövqeyini dəstəkləsə, Bakının Ermənistan rəhbərliyi ilə bağlı mövqeyi dəyişə bilər. Əgər gözləntilərimiz özünü doğrultmursa, niyə Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamalıdır?!
Bəzən belə bir fikirlə qarşılaşırsan ki, Paşinyan Ermənistanda Bakı üçün ən əlverişli lideridir, ondan sonra rusiyayönlü revanşistlər hakimiyyətə gələcək… Anlamaq lazımdır ki, Paşinyanın Qərbin dəstəyi ilə regionda Fransa modelinə uyğun ayrıcı xətlər çəkməsi Azərbaycanın maraqlarına uyğun deyil.
Yaxşı, tutaq ki, hakimiyyətə rusiyayönlü revanşist qüvvələr gələcək. Nə olsun? Ermənilər Qarabağa qayıda bilməyəcəklər! Qatar gedib!
Azərbaycanın tələbləri havadan asılı qalıb, bəs nə vaxt Paşinyan onları reallaşacaq?! Yəni bizim üçün Paşinyan hakimiyyəti və ya qeyrisinin heç bir fərqi yoxdur! Geosiyasi baxımdan Ermənistan regionda rusiyapərəst ölkə olaraq qalacaq, Qərb isə keçmişdə olduğu kimi regionda Bakı və Tbilisi ilə əməkdaşlıq etməyə davam edəcək. Ona görə də Paşinyana ictimaiyyət qarşısında Azərbaycanı hədələmək məsləhət görülmür. Qərb anlamalıdır ki, Azərbaycanın maraqlarına məhəl qoymamaq onun regiondakı bütün oyunu pozula bilər”.