Azərbaycanda yaşıl enerjiyə keçid prioritet məsələdir
Azərbaycanda yaşıl enerjiyə keçid tək ölkəmiz üçün deyil, bütün dünya ölkələri üçün prioritet məsələdir.
Bunu açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
O qeyd edib ki, artıq Avropa ölkələri, Qərb bu istiqamətdə çox böyük naliyyətlərə imza atıblar.
“Elə Avropa ölkələri var ki, enerji təminatının 50%-ni yaşıl enerji mənbələrindən istifadə etməklə nail olurlar. Bu da o deməkdir ki, həmin ölkələrdə mavi yanacağa və neft məhsullarına olan tələbat azalır. Bu da dünya bazarlarında dolayı yolla həmin məhsulların qiymətlərinə təsir edir və asılılığı aradan götürür. Neft və qaz bahalaşıb. Bütün bunlar da yaşıl enerjiyə keçidin nə qədər vacib olduğunu bir daha göstərdi”, – o deyib.
İqtisadçı bildirib ki, Azərbaycan iqtisadiyyatı böyüyür və əhalinin sayı da artır: “Bu səbəbdən də yaşıl enerjinin inkişafı ölkəmiz üçün vacibdir. Biz yaşıl enerji istehsalını elə bir səviyyəyə çatdırmalıyıq ki, qazımızın bir hissəsini Avropaya nəql edək. Ölkəmizin təbii şəraiti yaşıl enerjinin istehsalına münbit şərait yaradır. İşğaldan azad edilmiş ərazilərimizdə də yaşıl enerjinin istehsalı üçün böyük potensial var”.
P. Heydərov vurğulayıb ki, xarici investorları ölkəmizdə yaşıl enerji sahəsinə cəlb etməliyik.
“Çünki neft və qazdan fərqli olaraq yaşıl enerji mənbələrindən istifadə baha başa gəlir. Bu enerjinin əldə olunmasında istifadə edilən texnologiyalar çoxlu maliyyə vəsaiti tələb edir. İnvestorların ölkəmizə cəlb olunması istiqamətində artıq işlər aparılır. Buna misal olaraq Azərbaycanın və BƏƏ-nin “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalasını göstərmək olar. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur”, – deyə o qeyd edib.