5 apreldə Azərbaycana qurulan tələ: Geosiyasi mühit tamam dəyişir
“Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Zaur müəllim, aprelin 5-i Brüsseldə ABŞ-Avropa İttifaqı və Ermənistanın iştirakı ilə müştərək konfransın keçirilməsi gözlənilir. Sizcə, indiki halda bu qüvvələrin Ermənistanla bağlı planları nədən ibarətdir?
– Brüsseldə baş tutması gözlənilən görüş heç də konfrans deyil. Burada hansısa sənədin qəbulu ilə nəticələnən bir görüş olacaq. İlk dəfə olaraq Qərb digər ölkənin təhlükəsizliyi ilə bağlı öz üzərinə öhdəlik götürür. Bununla bağlı memorandum imzalanır. Çünki Ukrayna ilə bağlı müəyyən bir format var idi. Amma bu formatda heç də Avropa İttifaqı, ABŞ birbaşa iştirak etmirdi. Burada Fransa və Almaniyanın iştirak etdiyi Normand üçlüyündən söhbət gedirdi. Gürcüstanla bağlı da bu kimi hadisənin yaşandığı müşahidə olunmayıb. Ermənistanla bağlı isə Amerika daha da irəliyə gedərək Avropa İttifaqının adı altında bu ölkənin təhlükəsizliyinin zəmanəti ilə bağlı qərar verir.
– Qərbin, xüsusilə Amerikanın Cənubi Qafqaz siyasətinin dəyişməsi hansı amillərlə bağlıdır?
– Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi ABŞ-ni öz xarici siyasətində bir sıra korrektələr etməsinə gətirib çıxarıb. Artıq inqilablar olan ölkələrdə onlar birbaşa olaraq həmin dövlətlərin təhlükəsizliyini rəsmi şəkildə zəmanət altına almaq istəyir. Eyni zamanda erməni lobbisi və Nikol Paşinyan da təhlükəsizliyin təmin olunması ilə bağlı rəsmi sənədin qəbul edilməsində israr edir. Çünki onlar Gürcüstan və Ukraynada baş verən hadisələri görüblər. Bu hadisələrin Ermənistanda təkrarlanmaması üçün bu kimi gedişlərin edilməsi tələbi var idi. Rusiyanın Ermənistana daxil olmasının qarşını almaq üçün Paşinyan Moskvanın əl-qolunu bağlamaq niyyətindədir.
– Bu prosesin Azərbaycanla bağlı tərəfləri nədən ibarətdir?
– Söhbət Ermənistanın təhlükəsizliyinin zəmanət altına alınmasından gedirsə, bu, birbaşa Azərbaycanla bağlı məsələlərə toxunur. Çünki bundan sonra olacaq hadisələrdə Azərbaycanın hansı mövqedə dayanması olduqca önəmlidir. Əgər Ermənistan silahlı qüvvələri Azərbaycana hücum edərsə, Ordumuz cavab addımı atacaqsa, burada təhlükəsizlik zəmanətinin özünü necə göstərəcəyi amili var. Belə olan halda Azərbaycan növbəti dəfə Qərbin ittihamları ilə üzləşəcək. Qərb açıq şəkildə Azərbaycanı eskalasiyada günahlandıracaq. Nəticədə bu, Bakının vəziyyəti ilə bağlı Qərbdə müəyyən “qərar”ların verilməsinə gətirib çıxaracaq. Ona görə də, Azərbaycan ictimaiyyəti 5 aprel görüşündən narahatdır.
– Belə çıxır ki, 5 aprel tarixində baş tutacaq məlum üçtərəfli görüş Azərbaycan üçün bir çox təhdid elementlərinə malikdir…
– Bu, birbaşa olaraq Azərbaycanın dövlət təhlükəsizliyinə, milli maraqlarına təhdiddir. Əgər Avropa İttifaqı və ABŞ Ermənistanın təhlükəsizliyinə qarant duracaqsa, bu birbaşa olaraq Azərbaycanı özlərinə qarşı cəbhədə görmək seçimi kimi də başa düşüləcək.
– Bu məsələlər sülh prosesinə necə təsir edəcək?
– Sülh prosesi davam edəcək. Ermənistan sülh prosesində müsbət etiraflar edir. Amma bunlar sözdə deyil, hərəkətdə özünü təsdiq etməlidir. Qərb Ermənistanın təhlükəsizliyini qarantiyaya alacaqsa, rəsmi İrəvan sülh danışıqlarında imitasiyanı davam etdirəcək. Çünki elə Qərbin iştirakı ilə Azərbaycana qarşı plan hazırlana bilər. Bunun nəticəsində Azərbaycan ərazilərinə hücum edərək təxribat baş verər. Yekunda isə Azərbaycanın Ermənistana hücum etməsi ilə bağlı informasiya təxribatına əl atılar. Nəticədə isə Bakını işğalçı tərəf kimi təqdim etmək niyyətləri ortaya çıxar.
– Burada rəsmi Fransanın mövqeyi nə dərəcədə təsirli görünür?
– Bir müddət öncə Fransa və Ermənistan Azərbaycana hücum ssenarisi hazırlamışdı. Nəticədə bu məsələdə Azərbaycanı günahlandıracaq və Bakıya qarşı “qətnamə” qəbul etmək istəyirdilər. Görünən odur ki, onlar bir qədər gözləmə mövqeyinə keçdilər. Ermənistanla Qərb arasında imzalanacaq sazişə görə bu “plan”ın təxirə düşdüyü məlumdur. Məhz bundan sonra Azərbaycana qarşı bu “tələ”nin işə salınması müşahidə olunacaq.
– İki ölkə arasında sülh müqaviləsi imzalanmayıbsa, sərhədlər dəqiqləşməyibsə, onun təhlükəsizliyi ilə bağlı hansısa bir razılaşma imzalamaq beynəlxalq hüquqda necə təsbit olunur?
– Bu, sözsüz ki, Qərbin Azərbaycana qarşı olan ciddi səhv yanaşmasıdır. Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə bununla zərbə vurulmuş olacaq. Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün istənilən addımı ata bilər. Ona görə də, Qərb və Ermənistanı öz kurasiyasına alanlar da bilsinlər ki, onların ikilikdə, ayrılıqda hansı qərarlar qəbul etməsinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Bu dövlətlər özlərindən min km-lərlə uzaqda olan ölkələrdə xaos yaradaraq, maraqlarını təmin etmək üçün hərəkətə keçiblər. Azərbaycanla Ermənistan arasında sərhədlər dəqiqləşməyibsə, İrəvanın maraqlarından çıxış etmək, onun dövlət sərhələrinə qarant durmaq beynəlxalq hüququn pozulması deməkdir./teleqraf.com