Uşaqlar niyə bu qədər aqressivləşib? – “Günahkar həm də mətbuatdır”

Son zamanlar mətbuatda cinayət törədən gənclərlə bağlı xəbərlərə sıx rast gəlinir. Xüsusən də yeniyetmələr arasında bu tendensiya yayılır. Sonuncu statistikaya əsasən, 2023-cü il Azərbaycanda cinayət törədən 14-17 yaşlı uşaqların sayı 2022-ci illə müqayisədə 14,1% artıb. Yeniyetmələrin bir-birini aşağılamağı, kəsici alətləri üzərlərində daşımağı, bir-birlərini öldürməyi, bıçaqlanma hadisələri artıq adi hala çevrilir.

Bu kimi arzuolunmaz halların səbəbləri ilə bağlı psixoloq Gülnar Orucova açıqlamasında bildirib ki, müasir dövrün yeniyetmələri əvvəlki illərin yeniyetmələrindən çox fərqlidir:

“İndiki yeniyetmələr çox aqressivdirlər. Aqressiya da elə bir duyğudur ki, kin və nifrətin əsasında formalaşır. İnsan nə qədər içində kin, nifrət bəsləyirsə, onun içindəki aqressiya bir o qədər böyüyür. Aqressiya bəzi insanlarda kobud sözlər işlətməklə, bəzilərində nəyisə vurub-sındırmaqla, bəzilərində isə cinayət törətməklə, yəni birinin canına qəsd etməklə özünü göstərir”.

Psixoloq qeyd edib ki, burada medianın da rolu böyükdür:

“Media tez-tez bu hadisələri gündəmə gətirir, paylaşır. İnsanlar bu hadisələri çox görəndə beyin bunu normal olaraq qəbul etməyə başlayır, “filankəs belə bir şey edibsə, mən də edə bilərəm” fikri formalaşır. Amma heç bir halda bir insanın digər bir insanın canına qəsd etməsi, yaxud belə bir şeyin insanın fikrində olması belə doğru deyil. Sosial şəbəkələrə də hərə bir məqsədlə girir, yəni bu platformalarda hər cür insanı məcburi tanıyırsan. Əvvəllər bizi küçələrdən yığardılar ki, axşam vaxtıdır, küçədə pis insanlar olar. Amma indi o arxa küçələrdə olan hadisələrin hamısı uşaqlarımızın əlindəki telefondur. O qaranlıqdan qorxan uşaqlar evə yığışardı, valideynlərin diqqətində, nəzarətində olardı, amma indi uşaqlar küçələrdən yığışsalar belə, valideynlərin diqqətində olmurlar. Çünki onların əllərində telefon olur, uşaqlar üçün də sosial şəbəkə bir təhlükəyə çevrilir. Ona görə də indiki valideynlər uşaqlarına kifayər qədər diqqət, qayğı göstərmir, onları nəzarətdə saxlaya bilmir və övladlar da valideynlərinə etiraz edirlər. Bu etirazlara görə valideynlər öz uşaqlarının üstünə çox gedə bilmir, nəticədə də belə arzuolunmaz hadisələr baş verir. Bu kimi hadisələrə səbəb birinci olaraq valideynin uşağa nəzarət etməməsi, ikincisi, həddən artıq aqressiya, üçüncüsü, sosial şəbəkələr və mediadır”./ cebhe.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password