XI Qlobal Bakı Forumu dünya siyasətinin əsas simalarının diqqətini cəlb etdi – “Euronews”
XI Qlobal Bakı Forumu dünya siyasətinin əsas simalarının diqqətini cəlb edib.
Bu barədə “Euronews” telekanalının dərc etdiyi məqalədə deyilir.
Məqalədə hazırkı və keçmiş liderlərin fikir mübadiləsi aparmaq və qlobal problemlərin həlli yollarını tapmaq məqsədilə həmrəylik, bərabərlik və inklüzivlik prinsipləri əsasında Qlobal Bakı Forumunun platformasında görüşdüyü qeyd edilir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılışında dörddən çox indiki və 40-dan çox keçmiş prezident və baş naziri qarşılayıb.
“Euronews” qeyd edir ki, “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən forumda köhnəlmiş institutların və qlobal idarəçiliyin modernləşdirilməsinin zəruriliyi vurğulanıb. Süni intellekt, innovasiyalar və qlobal səhiyyə məsələləri də müzakirə edilib.
Forum iştirakçıları qlobal münaqişələri müzakirə edərək, xüsusilə Ukraynadakı vəziyyət fonunda əməkdaşlığa və dialoqa çağırıblar. Avropa Mərkəzi Bankının keçmiş prezidenti Jan-Klod Trişe son 70 ildə baş verən dəyişikliklərə uyğunlaşmağın zəruriliyini qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin himayəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən XI Qlobal Bakı Forumu dünyanın 70-dən çox ölkəsinin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini, o cümlədən, 350-dən çox qonağı bir araya toplayıb.