Dörd tacikin terror hekayəsi– Eyni avtomobildə, ciblərində pasport, “rus pulu” və Ukraynaya doğru…
“Crocus Sity Hall”-da baş verən dəhşətli terror aktının ilk dəqiqələrindən məlum idi ki, qarşıda bu hadisə ilə bağlı çox versiyalar olacaq, lakin əsl həqiqət çox vaxt olduğu kimi, bu dəfə də üzə çıxmayacaq…
Zaman keçdikcə, bu cinayətin rəsmi orqanların açıqladıqları təfərrüatları, videogörüntülər və s. ortaya çıxdıqca, suallar daha da artır. Bunun nəticəsidir ki, bir çoxları tutulan və kameralar qarşısında işgəncə verilən 4 tacik əsilli şəxsin bu terrorun heç də əsas iştirakçıları olmadıqları qənaətindədirlər…
Hadisənin siyasi tərəflərini, məqsədlərini və s. bir tərəfə qoyaraq, sırf texniki tərəflərinə baxsaq, tarixdə indiyə qədər baş vermiş bu tip cinayətlərlə müqayisədə nə təcrübəyə, nə də adi məntiqə uyğun gəlməyən xeyli sayda detallar görmək olar. Bunların ən başlıcalarından biri həmin şəxslərin demək olar, hər hansı ciddi silahlı müqavimət göstərmədən, “dip-diri” təslim olmalarıdır. Gözlərini qırpmadan 150-yə yaxın günahsız insanı güllələyən terrorçuların həbs zamanı hüquq-mühafizə orqanlarına şiddətli silahlı müqavimət göstərməməsi, ən azı bir neçə hüquq-mühafizə əməkdaşını öldürməməsi, onları qarşıda hansı işgəncələr, əzablar, cəzalar gözlədiyini bilə-bilə özlərinin sağ ələ keçmələrinə imkan vermələri şübhəli deyilmi? Ümumiyyətlə, İŞİD kimi fanatik radikal terrorçu təşkilatın belə bir cinayəti törədən üzvünün son gülləsinə qədər atışmaması, yaxud ələ keçməmək üçün özünə qəsd etməməsi və s. qəribə deyilmi?
Yeri gəlmişkən, həbs olunanlardan biri cinayətə görə yarım milyon Rusiya rublu aldığını deyir. Birincisi, fanatik İŞİD-çinin hansısa terroru pul qarşılığında törətməsi yumşaq desək, gülməlidir. İkincisi, əgər bu adamların fikri doğrudan da cinayəti törədəndən sonra Ukraynaya qaçmaq olubsa(hansı ki, sərhəddəki vəziyyət, minalanmış sahələr, qoşunlar və s. nəzərə alındıqda bu, sadəcə mümkünsüzdür), o zaman Rusiya rublu onların nəyinə gərəkdir? Ukraynada Rusiya valyutası ümumiyyətlə işləmir, onu heç bir bank götürmür!
Digər yandan, hadisədən bir az sonra Belarusun Rusiyadakı səfiri bəyan etdi ki, terrorçuların Bryansk vilayətində tutulmasında Belarus xüsusi xidmət orqanları mühüm rol oynayıb. Bryansk həm də Belarusla həmsərhəddir. Bu da onu deməyə əsas verir ki, terrorçular Ukraynaya yox, məhz Belarusa keçmək istəyiblər. Əks halda, Belarus xüsusi xidmətinin Rusiya-Ukrayna sərhədində əməliyyat keçirməsi absurd olardı. Bunu Prezident Aleksandr Lukaşenko da rəsmən təsdiqləyib və Kremlin “Ukrayna versiyası”nı alt-üst edib. O, deyib ki, “Crocus City Hall”a hücumu həyata keçirən terrorçular sərhəddə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüldüyü üçün Belarusa daxil ola bilməyəcəkdilər, buna görə də cinayətkarlar Ukraynaya doğru yönəliblər…
Məsələnin texniki tərəflərindən və açıq qalan suallardan biri də terrorçuların üzərlərində öz pasportlarının olması(?), eyni avtomobillə həm hadisə yerinə gəlməsi, həm də hadisədən sonra dördünün də eyni maşında, özü də hamısı bir yerdə oradan qaçmasıdır. Bunu, necə deyərlər, “toyuq oğruları” da etməzdilər. Hələ onu demirik ki, yüzlərlə kilometr, polis postları, kameralar qarşısından keçən həmin avtomobil nə işdirsə, Bryanska qədər gedib çıxa bilmişdi… Nəhayət, maraqlı məqamlardan biri də terrorçu adlandırılan şəxslərdən birinin kamera qarşısında sifarişçi barədə dedikləridir. Rus dilində çox çətinliklə danışan həmin tacik deyir ki, hadisəni teleqram vasitəsilə bir vaiz, yəni dini moizələr söyləyən şəxs sifariş edib. Bu zaman rus dilində çətinliklə vaiz (propovednik) sözünü işlədir. Rus dilini nəinki həmin tacik kimi bərbad, hətta orta səviyyədə bilənlərin də böyük əksəriyyəti “vaiz” sözünün rus dilində tərcüməsini çətin ki, söyləyə bilə. Odur ki, həmin şəxsin rus dili səviyyəsini nəzərə alsaq, “propovednik” sözünü işlətməsi olduqca düşündürücüdür. Bu da deyəcəyi sözlərin ona əvvəlcədən əzbərlədildiyi və verilən cavabların məhz onu sorğu-sual edən Rusiya xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən təşkil edildiyinə dair şübhələr yaradır…
Bütün bu qaranlıq məqamların nəticəsidir ki, hətta Rusiyanın özündə də kameralar qarşısına çıxarılan taciklərin qurbanlıq keçi olduğunu, əsas sifarişçi və icraçıların isə üz-araya çıxarılmadığını düşünənlər az deyil…
Rusiya xüsusi xidmət orqanlarına gəlincə, həbs olunan taciklərin qulağını kəsməkdən, gözünü çıxarmaqdansa, özlərinin bu “qəhrəmanlıqlarını” daha əvvəl göstərməli və əvvəlcədən baş verəcəyi barədə xəbərdarlıq edilmiş terror aktına imkan verməməli idilər. İndi əsl terrorçu olub-olmamasından asılı olmayaraq, cinayəti məhkəmə tərəfindən təsdiqlənməmiş, hökm çıxarılmamış birisinin, vəzifəsi insanları qorumaq olan, lakin bunun öhdəsindən gələ bilməyən dövlət orqanı əməkdaşları tərəfindən bu cür işgəncələrə məruz qoyulması, daha sonra bunun videoya çəkilərək paylaşılıması və bunun cəmiyyət tərəfindən rəğbətlə qarşılanması isə Rusiyanın dövlət və cəmiyyət olaraq nə dərəcədə deqradasiyaya uğradığının daha bir göstəricisidir. /azpolitika.info