NATO baş katibi Bakıdan bunu istədi – “Edə bilmərik”
Azərbaycan Rusiyanın Ukraynada qələbəsinin əleyhinədir, amma Moskvaya qarşı iqtisadi sanksiyalara qoşula bilməz.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert NATO rəhbərinin Azərbaycana səfəri çərçivəsində səsləndirdiyi fikirlərə diqqət çəkib:
“NATO baş katibi Yens Stoltenberq Bakıdakı açıqlamalarında alyansın Azərbaycanla əməkdaşlıqdan məmnun qaldığına dair xeyli cümlə söylədi, konkret misallar çəkdi. Stoltenberq bu fikirlərini AZƏRTAC agentliyinə müsahibəsində bir daha təkrarladı.
Baş katib müsahibədə Azərbaycanla bağlı bir istəyini də dilə gətirdi:
“NATO müttəfiqləri, Azərbaycan və dünyada bütün ölkələrin marağında olan odur ki, Prezident Putinin qalib gəlməsinin qarşısı alınsın. Ona görə düşünürəm ki, Azərbaycanın da Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulması çox vacibdir. Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin bədəlini ödəməlidir”.
Əlbəttə, Azərbaycan da bir çox dövlət kimi Ukraynanın ərazi bütövlüyünü təmin etməsini arzulayır. Çünki ərazi bütövlüyü məsələsi Azərbaycan üçün həssas mövzudur, torpaqlarımızın uzun illər işğal altında qalmasıyla bağlı acı təcrübəmiz var. Ona görə də Azərbaycan Rusiyanın Ukraynada qələbəsinin əleyhinədir. Ancaq Azərbaycan Stoltenberqin arzuladığı kimi, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşula bilməz. Yəqin bu haqda ona Bakıda bağlı qapılar arxasında deyiblər.
Maraqlıdır, görəsən, Stoltenberq eyni sözləri Azərbaycandan sonra səfər etdiyi Ermənistan və Gürcüstanda da deyibmi? Deyibsə də, İrəvan və Tiflis Bakı kimi NATO baş katibinə eyni cavabı verib”.
Elxan Şahinoğlu hesab edir ki, Ermənistanın Rusiya ilə münasibətlərində suallarının sayının artmasına baxmayaraq, bu ölkə ilə iqtisadi əlaqələrdən imtina etməyəcək:
“NATO üzvü olmaq istəyən və Moskva ilə diplomatik münasibətləri olmayan Gürcüstanın özü belə Rusiya ilə iqtisadi əlaqələrdən imtina etməyib və etməyəcək. Çünki praktik baxımdan da Azərbaycan, Ermənistan və Gürcüstan məhsullarının satışı üçün hələlik ən münbit bazar Rusiyadır. Tutaq ki, Cənubi Qafqaz ölkələri Stoltenberqin istədiyi kimi Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşuldu, bu halda Avropa İttifaqı ölkələri Azərbaycan, Gürcüstan və Ermənistanın kənd təsərrüfatı və digər məhsullarını qəbul etməyə hazırdılarmı? Bu suala müsbət cavab vermək mümkün deyil”.