Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtər rayonlarında olub.
Bu barədə agentliyə istinadən xəbər verilir.
Məlumata görə, səfər çərçivəsində S.Məmmədov ölkə Prezidentinin sərəncamı ilə yenidən qurulan və ümumi uzunluğu 65.7 km olan Füzuli-Ağdam avtomobil yoluna və Ağdam şəhərinin daxili yollarının tikintisi işlərinə baxış keçirib.
Ağdam-Füzuli avtomobil yolu I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri davam etdirilir. Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidlərinin, həmçinin körpü və yol ötürücülərinin tikintisi aparılır.
Ağdam şəhərinin daxili yollarında isə torpaq yatağı və kommunikasiya xətlərinin tikintisi işləri həyata keçirilir.
Daha sonra sədr uzunluğu 18 km olan Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən avtomobil yolu, Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 35.5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin uzunluğu 80 km olan Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolllarında aparılan tikinti işlərinin yerinə yetirilməsi ilə tanış olub.
Hər 3 avtomobil yolu dövlət başçısının sərəncamı ilə II texniki dərəcəyə uyğun müasir səviyyədə yenidən qurulur. Hazırda qeyd edilən avtomobil yolları boyunca genişlənmə və torpaq işləri, həmçinin suötürücü boruların tikintisi aparılır.
Layihələrin icra vəziyyəti ilə yerindəcə tanış olan S.Məmmədova məlumat verilib ki, yollar boyu köhnə örtüyün söküntüsü, yararsız qruntun qazılaraq kənarlaşdırılması işləri tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə icra olunur. Sədr sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin “İnşaat Norma və Qaydaları”na uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.