Rusiya Krımın işğalının 10-cu ilini qeyd edir – Ukrayna yarımadanı geri qaytaracağını vəd edir
Bu gün Krımın ilhaqının onuncu ildönümüdür.
2014-cü il martın 18-də Rusiya Prezidenti Vladimir Putin Kremldə Krımın və Sevastopolun Rusiya Federasiyasının tərkibinə daxil ediləcəyini bəyan edib. O, Krımda keçirilən referendumun nəticələrinə toxunub. Səsvermə Ukrayna qanunlarına zidd olaraq, Rusiya hərbçiləri yarımadaya nəzarəti ələ keçirdikdən sonra keçirilib. Krımın ilhaqı dünya ölkələrinin böyük əksəriyyəti tərəfindən tanınmayıb.
Son on ildə Krım sakinlərinin əhəmiyyətli hissəsinə Rusiya pasportu verilib. Yüz minlərlə Rusiya vətəndaşının yarımadaya köçdüyü təxmin edilir. Yarımadanı Rusiyanın Krasnodar diyarı ilə birləşdirən Krım (Kerç) körpüsü tikilib. 2014-cü ildə Ukrayna Rusiyanın hərəkətlərini kəskin şəkildə pislədi və qondarma referendumu tanımadı, amma Rusiyanın ilhaqına hərbi müqavimət göstərmədi. Krımda Ukrayna birliyi tərəfdarlarının dinc etirazları Rusiyanın təyin etdiyi hakimiyyət orqanları tərəfindən ya yatırıldı, ya da onlara məhəl qoyulmadı.
2022-ci ildə – Rusiyanın işğalçı müharibəyə başlamasından əvvəl Ukrayna hakimiyyəti yarımadanı sülh yolu ilə geri qaytarmaq istədiklərini bəyan etmişdi. Rusiya, genişmiqyaslı işğala başlayandan sonra Krım yarımadasında çoxlu sayda hərbçi və texnika yerləşdirib. Yarımada Ukrayna ərazisinə hücumlar üçün baza kimi istifadə olunur. Ukrayna isə Krım və Qara dənizdəki hərbi obyektlərə vaxtaşırı zərbələr endirir, nəticədə Qara dəniz donanmasının bir neçə gəmisi batırılıb, onun Sevastopoldakı qərargahı vurulub. Krım körpüsü də iki dəfə partlayış nəticəsində zədələnib.
Ukrayna hakimiyyəti Krım ərazisinə nəzarəti qaytarmadan Rusiya ilə sülhə razılaşmayacağını bildirib. Qərb ölkələri Ukraynanın bütün beynəlxalq səviyyədə tanınmış ərazisində, o cümlədən Krımda hərbi əməliyyatlarının qanuni olduğunu bəyan edir.
Beynəlxalq təşkilatlar Krımın işğalını və ilhaqını qanunsuz olaraq tanıyıb və Rusiyanın hərəkətlərini pisləyib. Qərb ölkələri Kremlə iqtisadi sanksiyalar tətbiq edib. Rusiya yarımadanın ilhaqını inkar edir və bunu “tarixi ədalətin bərpası” adlandırır.
İnsan haqları təşkilatı “Amnesty İnternational” ilhaqın 10-cu ildönümü ilə bağlı bəyanat yayaraq, Rusiya hakimiyyətini Krımda bütün beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasına dərhal son qoymağa çağırıb. Hüquq müdafiəçiləri qeyd edirlər ki, Krımın işğalı başlayandan bəri Rusiya yarımadanın etnik tərkibini dəyişməyə, Ukrayna və Krım tatar icmalarını sıxışdırmağa çalışıb.
Bəyanatda Krım tatarlarına və digər müsəlmanlara qarşı repressiyalar qeyd olunur – 100-dən çox Krım sakini terrorizm ittihamı ilə müttəhimlər kürsüsündə idi və hüquq müdafiəçiləri bunu əsassız hesab edirlər. Bəyanatda jurnalistlərə qarşı repressiyalardan da bəhs edilir.
Bu gün axşam isə Moskvada Krımın işğalının ildönümü şərəfinə konsert keçirilib. Əvvəllər Vladimir Putin belə tədbirlərdə tez-tez çıxış edirdi. Rusiyanın rəsmi mediası dövlət liderlərinin yubileylə bağlı müxtəlif bəyanatlarını dərc edir. /azpolitika.info