Ermənistan tez-tələsik Avropa İttifaqına qəbul edilir: İrəvanla bağlı şok plan üzə çıxdı
Avropa Parlamenti Ermənistanın Avropa İttifaqına üzvlüyünə namizədlik imkanlarını nəzərdən keçirən qətnamə qəbul edib. Bu amil Qərbin Ukrayna layihəsinin iflasa uğraması fonunda üzə çıxır. Yeni münaqişə, gərginlik, problemli ərazi olaraq Cənubi Qafqaz onlar üçün qaneedici görünür. Ukrayna səmimi, açıq münasibət bəsləməyən qüvvələr üçün alətdir. Ermənistan alət olmaqla yanaşı, siyasi korrupsiyanın bariz nümunəsidir.
Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
O qeyd edib ki, Rusiyadan asılı Ermənistan Qərb üçün daha sərfəlidir:
“Avropa Birliyinin güclənməsinə, genişlənməsinə real siyasi, hərbi cəhətdən təsir göstərən Ukrayna həmin qüvvələri maraqlandırmır. Hətta Ermənistanın Ukraynadan daha tez Avropaya daxil olması üçün cəhdlər ediləcək. Bundan həmin qüvvələr heç nə itirmir. Ermənistanda əhali qalmayıb. İrəvanın hansısa formada onların siyasətinə təsir gücü yoxdur. Avropada gedən proseslərin istiqamətinin dəyişməsində Ermənistan heç bir imkana malik deyil. Bunu isə ancaq Ukrayna edə bilərdi”.
Millət vəkili hesab edir ki, məhz bu kontekstdə Qərb “missionerləri” üçün hazırda Ermənistan daha sərfəli alətdir:
“Avropa Ittifaqının Ermənistanda olan “missiyasının” genişləndirilməsi niyyətləri də buna xidmət edir. Hətta Ermənistanla Avropa Birliyi arasında viza rejimini sadələşdirəcəklər. Daha sonra isə İrəvanın namizədlik məsələsi kəskin şəkildə müzakirələrə çıxarılacaq”.
Deputatın fikrincə, Ukrayna-Rusiya məsələsində Kiyevin pis vəziyyətə düşməsi, faciə ilə üzləşməsi onları qəti narahat etmir:
“Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Ermənistanın məğlubiyyətini isə öz faciələri kimi qəbul edirlər. Bu yanaşmalarda olan fərqin açıq izahıdır”.
Səməd Seyidov hesab edir ki, Azərbaycanın yaratdığı reallıq, yeni geosiyasi vəziyyət fərqli güc ehtiva edir:
“Prezident İlham Əliyevin bəyan etdiyi türk dünyası və türk ailəsi faktoru isə tamamilə başqa bir geosiyasi gücə malikdir. Bu ilin iyun-iyul aylarında Azərbaycanda keçiriləcək TÜRKPA-nın və Türk Dövlətləri Təşkilatının sammitində birliyin gücü açıq şəkildə ifadə olunacaq. Ona görə də, Qərbədəki həmin qüvvələrin siyasəti təhlükəli olsa da real nəticəsi olmayacaq”.