Dünyanın diqqəti Bakıda! Ermənistanın manevr imkanı daralır
Azərbaycan hər ötən gün dünyada daha çox beynəlxalq nüfuz sahibinə çevrilir. Xüsusilə son illərdə Cənubi Qafqazın lider ölkəsi kimi böyük beynəlxalq platformaların, tədbirlərin təşkil olunduğu bir mərkəzə çevrilən Bakıya göstərilən etimadın arxasında Azərbaycan dövlətinin söz və əməlinin bir-birini tamamlaması, düzgün siyasi xəttə sahib olması və təzyiqlərə rəğmən haqqın tərəfində durması dayanır. Artıq ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəlidir və ölkəmizdə keçirilən qlobal səviyyəli tədbirlər hətta bir çox ölkələrə haqlı olaraq nümunə göstərilir.
Belə tədbirlərdən biri artıq ənənə halını alan Qlobal Bakı Forumunu qeyd edə bilərik. Artıq bu günlərdə işini davam etdirən sayca XI Qlobal Bakı Forumu “Parçalanmış dünyanın bərpası” mövzusunda dünyanın bir çox önəmli siyasət adamlarının məhz Azərbaycanın paytaxtında toplanmasına, ciddi və mübahisəli məsələlərlə bağlı fikir mübadiləsi aparmalarına imkan yaradır. Bu amil Bakının artıq dünyanın əsas beyin mərkəzlərindən birinə çevrildiyinə də nümunədir.
XI Qlobal Bakı Forumu dünyanın diqqət mərkəzindədir. Bu gün öz işinə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda 50-dən çox ölkədən yüzlərlə nümayəndə, o cümlədən dövlət və hökumət nümayəndələri, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edir ki, bu, bir daha bu Forumun əhəmiyyətindən, ona beynəlxalq aləmdə göstərilən maraqdan xəbər verir.
Başqa bir tərəfdən Forumda hazırda dünyada mövcud olan ən aktual məsələlərin fəal müzakirə olunması, problemlərdən çıxış yollarının axtarılması Azərbaycanın ev sahibliyi etdiyi bu beynəlxaq səviyyəli Foruma olan inamdan irəli gəlir. Davam edən XI Qlobal Bakı Forumu bir çox xüsusiyyətlərinə görə digər beynəlxalq forumlardan fərqlənir:
– Bakıda təşkil edilən sayca XI bu beynəlxalq tədbir əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirlərdən geri qalmır. Amma eyni zamanda da bu forumlardan fərqlənir. O baxımdan ki, Davosun yalnız iqtisadi, Münhenin isə təhlükəsizlik məsələlərini əhatə edir. Bunlardan fərqli olaraq isə Qlobal Bakı Forumu universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Qlobal Bakı Forumu adınadan da göründüyü kimi bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq platforma kimi dünyanın diqqət mərkəzindədir.
– İqtisadi inkişafına görə də regionun lider dövləti olan Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra həm də yeni reallıqlar yaradan ölkəyə çevrilib. Bu gün regionun gələcək inkişafına hədəflənən bütün addımların başında məhz Azərbaycan dayanır.
Qeyd edilən bu detallardan proseslərə nəzər salsaq, əminliklə deyə bilərik ki, bu cür tədbirlərə ev sahibliyi etməklə Azərbaycan bir daha güclü dövlət olduğunu ortaya qoyur, digər tərəfdən də bu tədbirlər vasitəsilə postmüharibə dövründəki reallıqları dünya birliyinə çatdırır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında öz əskini tapan məqamlar da bunu bir daha təsdiq edir: “İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq”.
Dövlətimizin başçısı qeyd edib ki, “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.
Prezident İlham Əliyev bu açıqlaması ilə bir daha dünya birliyinə Azərbaycanın sülh, sabitlik istədiyini bəyan etdi. Dövlət başçısı eyni zamanda bu açıqlaması ilə “Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik, artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”, – mesajı vermiş oldu.
XI Bakı Qlobal Forumu Azərbaycanın Qarabağın tamamında suverenliyini bərpa etdikdən və separatizmə son qoyduqdan sonra Bakıda keçirilən ilk Forumdur. Belə bir əhəmiyyətli dövrdə Azərbaycanın bir çox dövlət və hökumət adamlarının qatıldığı, siyasətçilərin iştirak etdiyi Forum vasitəsi ilə geosiyasi reallıqları çatdırma qimkanını yenidən əldə etməsi rəsmi Bakı üçün ona qarşı olan təzyiq və təxribatlara qarşı olduqca əhəmiyyətli bir vasitədir. Bu gün Azərbaycanı guya nüvbəti müharibəyə hazırlaşmaqda ittiham etməyə çalışan, lakin əlində bir dənə də olsun dəlil-sübutu olmayan Qərbin ermənipərəst dairələri, xüsusilə də Fransa, eləcə də rəsmi İrəvan üçün Qlobal Bakı Forumu soyuq duş effekti verəcək. Çünki Azərbaycan Prezidentinin və digər dövlət adamlarının cərəyan edən proseslərə işıq salaraq reallığı dünya ictimaiyyətinə təqdim etmək üçün çox yaxşı çansı var. Bu isə növbəti dəfə Ermənistan və onun havadarlarının qarayaxmalarlının ifşası deməkdir.
XI Qlobal Bakı Forumuna qatılanlar çıxışlarında Azərbaycanın bölgədə oynadığı rolu yüksək qiymətləndirir, regional layihələrin Avropa üçün əhəmiyyətindən danışırlar. Rəsmi Bakı Qlobal Forumla bu gün bütün ermənipərəst Qərb dairələrinə ciddi cavab vermiş olur. Yaxşı olar ki, Ermənistan da artıq rəsmi Bakının tək Cənubi Qafqazda yox, artıq Avropada da önəmli, özünün xüsusi çəkisi olan beyin mərkəzlərindən birinə çevrildiyini və regional məsələlərlə bağlı mütləq şəkildə ilk növbədə Azərbaycanla əsas məsələləri razılaşdırmalı oduğunu anlasın. Əks təqdirdə İrəvanın uyduğu yeni ssenarilər onun final pərdəsini daha da tezləşdirəcək.