Bunu özümüzə təhqir hesab etdik – Əliyev
Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı vandalizm aktına səbəb Parisin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.
“Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi”, – prezident deyib.
O qeyd edib ki, bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı:
“Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Nə Fransa hökuməti, nə də Evian meriyasının rəsmiləri tərəfindən buna heç bir reaksiya verilmədi”.
Dövlət başçısı bildirib ki, belə olan halda Azərbaycan heykəlin oradan təxliyə edilməsində israr edib.
“Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Natəvanın abidəsi oradadır”, – Prezident İlham Əliyev deyib.