Ağar: Türkiyə ordusu bu ölkəyə girməyə hazırlaşır
İraqın şimalında hakimiyyət boşluğu səbəbindən Hakurk, Metina, Zap, Qara, Avaşin-Basyan, Sinat-Haftanin və Asos bölgələri PKK/KCK terror təşkilatı üçün əlverişli bir əraziyə çevrilmişdi. Türkiyə Silahlı Qüvvələri həmin ərazilərdə 27 may 2019-cu ildən etibarən “Pəncə” və 17 aprel 2022-ci ildə başlayan “Pəncə-Kilid” hərəkatı keçirdi. Nəticədə 1709 terrorçu məhv edildi, 3415 ədəd silah-sursat ələ keçirildi, 2486 mağara, sığınacaq yararsız hala salındı, 5022 mina və kustar üsulla hazırlanmış partlayıcı yox edildi. Ancaq qarşımızda görüləcək işlər çoxdur.
Bu sözləri Türkiyənin İraqın şimalında keçirməyə hazırlaşdığı əməliyyatın detalları haqqında danışan terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Ekspert yaz aylarından etibarən hərəkata başlanılmasının mümkünlüyündən danışıb:
“Hazırda Metina və Hakurkda nəzarət olunmalı bir sıra nöqtələrlə önümüzdə Qara var. Həmin nöqtələrin də nəzarət altına alınması ilə İraqla sərhədimizin təhlükəsizliyi tamamilə təmin olunacaq. Fikrimcə, bununla bağlı yaz aylarından başlayaraq hərbi tədbirlər başlaya bilər. Türkiyə indiyə kimi İraq və Suriyada həyata keçirdiyi əməliyyatlarla sərhədlərimizdə və daha dərində mehmetciklərimizdən sədd hörüb. Terrorun ən çox yuvalandığı, özünü yenilədiyi ərazi isə İraqın şimalındakı Qara vadisidir. Vadinin arxası açıq ərazidir. Bölgənin bir tərəfini tutmuşuq, nəzarətsiz qalan hissələrdə də hərəkatın keçirilməsinin vacib olduğunu düşünürəm. İndi meydanda Rusiya, ABŞ, Fransa, İngiltərə və İran var. Əsas məsələ kimin Türkiyə ilə dostluğu və qarşısında olmağı seçməsidir. İraq mərkəzi hökumətinin və oradakı bütün qüvvələrin terrora qarşı Türkiyə ilə əməkdaşlığı yalnız onların xeyrinə olar. Başqa fikirlərə düşənlər isə layiqli cavabını alacaq”.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordu komandanı, general Mətin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti İraq rəsmiləri ilə “Pəncə-Kilid” antiterror əməliyyatı zonasında görüş keçirib. Eyni zamanda Rəcəb Tayyib Ərdoğan aprel ayında İraqa səfər edəcək. Bu, 12 ildən sonra gerçəkləşəcək ilk yüksək səviyyəli səfər olacaq.