Qərəzli çağırışların əksinə Avropa ilə iqtisadi əməkdaşlıq güclənir – Rəqəmlər

 

2023-cü ilin ilk iki ayında Azərbaycanın Avropaya qaz ixracatı 9.6 faiz artaraq 2.1 milyard kub metr olub. Bu müddətdə Türkiyəyə 1.4, Gürcüstana isə 0.6 milyard kub metr qaz ixrac edilib. Azərbaycanın ümumi qaz ixracatı son iki ayda 4.1 milyard kub metr olub. Ümumi qaz hasilatı isə 2.3 faiz artaraq 8,2 milyard kubmetrə çatıb. Göründüyü kimi, bir sıra beynəlxalq qurumların, o cümlədən Avropa Parlamentinin bəzi üzvlərinin qərəzli və ikili standartlara söykənən çağırışlarına baxmayaraq Azərbaycan ilə Avropa arasındakı iqtisadi əməkdaşlıq daha da güclənir.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, son 3 ildə Azərbaycan Avropaya 33 milyard kubmetrdən çox qaz ixrac edib:

“2023-cü ildə Avropaya qaz ixracının həcmi illik olaraq 12 milyard kubmetrə yaxınlaşıb. Eyni zamanda, artıq Avropanın 5 ölkəsinə mavi qaz nəql edən Azərbaycan ötən müddətdə Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox dövlətə enerji məhsulunu çatdıra bilib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu son illər daha da artmaqdadır. 2022-ci ildə Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalandığını nəzərə alsaq, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır.

TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə, Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq. Gürcüstan ərazisi və Qara Dənizin dibi ilə Azərbaycanda bərpa olunan mənbələrdən əldə edilən enerji 2026-cı ildən sonra Avropa İttifaqına ixrac edilə bilər. Göründüyü kimi, qərəzli bəyanatlar bir söz deyir, rəqəmlər isə başqa mənzərə yaradır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password