Putinə 250 milyardlıq “hesab” – Avropa Rusiyanın hesablarını tam müsadirə etməyə hazır deyil, ABŞ isə…

 

Ukraynaya təcavüzündən sonra Rusiyanın Qərbdəki maliyyə aktivləri donduruldu. Bu, Kremlin həmin vəsaitlərdən istifadəsinin qarşısını almaq istiqamətində atılmış ən sərt addım idi.

Hazırda müharibəni davam etdirmək üçün Ukrayna böyük maliyyə resurslarına ehtiyac duyur. Qərbdəki bəzi rəsmilər Rusiya aktivlərinin Ukraynanın ehtiyaclarına yönəldilməsi üçün müsadirə olunmasını təklif edirlər. Amma belələrinin sayı az olmaqla yanaşı, onların siyasi təsir imkanları da zəifdir. Aparıcı siyasi fiqurlar isə əsaslı hüquqi arqumentlərin yoxluğundan danışırlar.

Aktivlərlə bağlı ABŞ və Avropa arasında yaranmış fikir ayrılığı məsələnin həllini dalana dirəyib. Müxtəlif həll variantları təklif olunsa da, hələlik konkret qərar yoxdur. İki ildən artıqdır davam edən müharibədən çıxarılan ümumi nəticəyə əsəsən belə qənaətə gəlmək olar ki, Qərb Ukraynaya silah tədarükündə olduğu kimi, yenə də hansısa bəhanələr axtarır.

ABŞ-nin “Politico” nəşri “Qərb müttəfiqləri Putini hesab ödəməyə məcbur etməkdə yekdil fikrə gələ bilməyiblər” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. Həmin məqaləni qısa ixtisarla təqdim edirik:

“Amerika və Avropa Ukraynanın bərpası üçün Rusiya ilə nə dərəcədə sərt davranacaqları məsələsində razılığa gələ bilmirlər. Buradakı ideya ondan ibarətdir ki, Rusiya dövlətinin dondurulmuş aktivləri müsadirə edilsin. Belə bir addımın atılması 250 milyard avrodan artıq vəsaitin azad edilməsi deməkdir. Bu plan Co Bayden administrasiyası tərəfindən aktiv şəkildə irəliyə sürülür, lakin onların arqumentləri Paris, Berlin və Romadakı hökumətləri inandıra bilməyib. Amma Vaşinqtondakı siyasətçilər hüquqi və siyasi çətinliklərlə dolu olan bu misli görünməmiş addımın atılması yolundakı şübhələrini bir kənara qoymaları üçün müttəfiqlərinə təzyiqlərini davam etdirirlər.

”Atlantic Council”-in analitiki və dondurulmuş Rusiya aktivləri üzrə aparıcı mütəxəssis Çarlz Liçfild deyib: ”Əvvəllər heç vaxt milli rezervlərin müsadirəsinə cəhd olunmayıb. Bu astanaya qədəm qoymaq, pul götürmək və onu Ukraynaya vermək geri dönüşü olmayan addımdır. Hərçənd ki, mənəvi nöqteyi-nəzərdən bu, bəlkə də düzgün görünə bilər. Amma möhkəm hüquqi əsas olmadan avropalılar bu addımı atmağa hazır deyillər. Belə bir hüquqi əsas isə hələ ki, yoxdur”.

Vaşinqtonun bu məsələdəki qətiyyətli mövqeyi Avropa hökumətlərini narahat edib. Onlar fikirləşirlər ki, bu, avro investorlarını qorxuda bilər. Digərləri qorxurlar ki, Moskva cavab tədbiri kimi Avropanın Rusiyadakı aktivlərinə əl qoya bilər və ya Qərb ölkələrinə qarşı kiber hücumlar təşkil edər. Avropada düşünənlər var ki, Moskvanın bütün vəhşiliklərinə baxmayaraq, münaqişə davam etdiyi bir vaxtda ölkəni təzminata məcbur etmək olmaz.

ABŞ üçün mühüm məqam odur ki, aktivlərin əksəriyyəti Belçikada, ”Euroclear” qiymətli kağızlar depozitlərində saxlanılır. Ona görə də müsadirə ilə bağlı hər hansı addımın atılması Avropanın rəsmi təsdiqini tələb edəcək. Amma ümid var ki, sənayecə inkişaf etmiş ölkələrin qrupu olan “G7” ilin sonunda bu məsələylə əlaqədar ümumi yanaşma işləyib hazırlaycaq.

Bayden administrasiyasının yüksək vəzifəli rəsmisi anonim qalmaq şərtilə “Politico”ya deyib ki, ABŞ və bəzi Avropa müttəfiqləri arasında bu məsələyə dair fikir ayrılığı meydana gəlib. Avropa Komissiyası (Avropa İttifaqının icra orqanı) genişmiqyaslı müsadirəyə hazır deyil.

Rusiyanın təcavüzü artıq üçüncü ildir ki, davam edir və Ukrayna Silhalı Qüvvələri artilleriya mərmilərinə böyük ehtiyac duyur. Ukraynanın maliyyələşdirilməsi ətrafında Qərbdə yaranmış fikir ayrılığı Kiyev üçün çətin bir məqamda baş verir. ABŞ-nin Ukraynaya yardımı dayanıb, çünki Baydenin Konqresdən keçirmək istədiyi 60 milyard dollar həcmindəki yardım zərfi respublikaçıların ucbatından oradaca “ilişib qalıb”.

Almaniya, Fransa və İtaliya narahatdırlar

Avropa Komssiyası daha yumşaq əks plan irəli sürür. Bu plana görə, bir il ərzində dondurulmuş aktivlərin təxminən 3 milyard avrosundan əldə olunan mənfəətdən istifadə etmək nəzərdə tutulur. “G-7” ölkələrinin rəsmilərindən biri deyib ki, indi hüquqi cəhətdən ən təhlükəsiz variant müzakirə olunur və Brüssel tam müsadirəyə getmək arzusunda deyil.

Jurnalistlərlə görüşü zamanı Avropa İttifaqının xarici siyasət rəhbəri Jozep Borrel deyib: ”Biz dondurulmuş aktivlərin müsadirəsindən danışmırıq. Söhbət bu aktivlərdən əldə olunan gəlirlərdən gedir”.

G7-yə daxil olan üç Avropa İttifaqı ölkəsi – Almaniya, Fransa və İtaliya narahatdırlar ki, aktivlərin müsadirəsi avrozonanın nüfuzuna xələl gətirər və gələcək beynəlxalq sərmayələri əngəlləyə bilər. Bu məsələdə onlar Avropa Mərkəzi Bankının(AMB) simasında özlərinə müttəfiq tapıblar. AMB dəfələrlə xəbərdar edib ki, əgər xarici ölkələr qorxarlarsa və öz valyutalarını çıxararlarsa, avronun mövqeyi zəifləyəcək. Bu, Avropa Komissiyasını öz iradlarını daha yumşaq planla əvəzləməyə məcbur edib.

Əvvəlcə Avropa Komissiyası eyham vurmuşdu ki, plan Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə – 24 fevralda elan ediləcək. Amma bu tarix artıq ötüb, həm də ki, Avropanın aparıcı ölkələri bu planın gətirəcəyi hüquqi və maliyyə nəticələrini öyrənmək üçün daha çox vaxt tələb ediblər. Avropa Komissiyasının iki rəsmi nümayəndəsi bildirib ki, maliyyə bazarlarının reaksiyasını dəyərləndirmək üçün Avropa İttifaqı mərhələli yanaşmanın tərəfdarıdır. Hərçənd ki, ABŞ bu addımı təqdir edib, amma onlar avropalı müttəfiqlərini daha fəal olmağa və təkcə gəlirləri yox, həmçinin aktivlərin özünü də istifadə etməyin yollarını öyrənməyə çağırıb.

ABŞ-nin Maliyyə naziri Janet Yellen bu barədə deyib: ”Mənim avropalı həmkarlarım Rusiyanın suveren aktivlərindən əldə olunan gəlirlərdən istifadə edilməsi üçün ilk mühüm addımı atıblar və mən bunu alqışlayıram”.

Gəlirlər hərbi texnika alınmasına gedə bilər

Avropa Komissiyasının sədri Ursula fon der Lyaen keçən həftə Avropa İttifaqı qanunvericilərinə deyib: ”Ukraynaya hərbi texnika almaq üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə barədə danışmağın vaxtıdır”. Əvvəllər Komissiya aktivlərdən gələn mənfəətin Ukrayna üçün xüsusi fonda gedəcəyini, lakin bu pulların silah alınması üçün istifadə edilməyəcəyini bildirmişdi.

Avropalı diplomatlar ehtiyat edirlər ki, Ukraynaya əlavə dəstəyin verilməsinə qarşı müqavimət göstərən ölkələr döndurulmuş aktivlərdən götürülən gəlirlərin hərbi ehtiyaclara xərclənməsini tənqid edəcəklər.

Beləliklə, iyun ayında İtaliyanın Apuliya əyalətində keçiriləcək G-7 ölkə liderlərinin sammitində qızğın mübahisələr gözlənilir. ABŞ avropalı müttəfiqlərinə maksimum yaxın mövqe tutmaları üçün təzyiq göstərəcək. Ola bilər ki, tam müsadirəyə getmədən Avropa İttifaqının indiki planından daha yaxşı hansısa orta bir yol da var.

Belçika hökumətinin G-7 səviyyəsində irəli sürdüyü təklifə görə aktivlər Ukraynanın bərpası üçün bank krediti qismində girov kimi istifadə olunacaq. Qərb ölkələri dondurulmuş aktivləri yalnız o halda Kiyevə verəcək ki, Kreml müharibədən sonra təzminat ödəməkdən imtina etsin.

Brüsseldəki “Free Unversity of Brussels”universitetinin beynəlxalq hüquq məsələləri üzrə eksperti Pyer Klyayn vəziyyəti belə izah edib: ”Hüquqi baxımdan bu ideya qısamüddətli perspektivdə təhlükəsizdir, çünki bu, aktivləri müsadirə etmədən onu havadan asılı vəziyətdə saxlayır. Düşünürəm ki, aktivlərin müsadirəsi zamanı ciddi hüquqi əngəllər olacaq. Ümumiyyətlə, hüquqi məsələlər daha çox bəraət və ya bəhanə kimidir. Məsələnin əsl həlli siyasi müstəvidədir”. /AzPolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password