Gürcüstanda müharibə gərginliyi: Avropa Birliyinə sərt təpki
Gürcüstan hökuməti qiyabi həbs cəzası verdiyi keçmiş ədliyyə naziri Zurab Adeişvilinin Almaniyaya səfərindən narahatlığını bildirib.
Bu barədə Gürcüstan Nazirlər Kabinetinin açıqlamasında deyilir.
“Rəsmi Tiflis Gürcüstan məhkəməsi tərəfindən cinayət işlərində təqsirli bilinən və axtarışda olan Zurab Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində Avropa Birliyi və Almaniyaya səfərindən, görüşlərindən narahatlığını bildirir”, – açıqlamada qeyd olunur.
Kabinet vurğulayır ki, Adeişvilinin qitə ölkələrinə səfəri Avropanın qanunun aliliyi ideyasına sadiq olması ilə bağlı təsəvvürləri sarsıdır. Tiflis hesab edir ki, baş verənlər AB-nin Gürcüstanla birliyə üzvlük üzrə danışıqlara başlamaq üçün müəyyən etdiyi 9 prioritetlə birbaşa ziddiyyət təşkil edir. Həmin məqama görə, ölkədə anti-Avropa əhval-ruhiyyəsinin güclənməsinin qarşısını almaq lazımdır.
Gürcüstan AB qurumlarının Avropanın İkinci Dünya Müharibəsindən sonra formalaşdırdığı dəyərlərə sadiq qalacağını gözləyir.
Adeişvili Ukrayna nümayəndə heyətinin tərkibində Almaniya parlamentində Kiyevə uzaqmənzilli raketlərin verilməsi məsələsini müzakirə edib. Gürcüstan hökuməti baş verənlərə görə Berlindən izahat tələb edib.
Mixail Saakaşvilinin prezidentliyi dövründə Ədliyyə Nazirliyinə rəhbərlik edən Adeişvili 2012-ci ildə ölkədə hakimiyyət dəyişikliyindən sonra Gürcüstandan gedib. Sabiq nazirə qarşı bir neçə ittihamla cinayət işi açılıb.
Gürcüstan Rusiyaya qarşı ikinci cəbhənin açılması təəssüratı və ehtimalı yaradacağı üçün Ukraynadan məsafəli davranmağa çalışır. Tiflisin bu mövqeyi Kiyev tərəfindən sərt təpki ilə qarşılanıb. Ölkənin hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili son açıqlamasında Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa təhrik etdiklərini söyləmişdi./teleqraf.com