Ermənistanla bağlı fikir dəyişdi – Hakan Fidanla anlaşdılar, bundan sonra…
ABŞ Cənubi Qafqazda Rusiyanın yerini Türkiyənin tutmasını istəyir.
Bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr hesab edir ki, ABŞ və Türkiyə xarici işlər nazirləri Entoni Blinken və Hakan Fidanın Vaşinqtondakı son görüşü bölgənin gələcəyi baxımından son dərəcə önəmlidir:
“Danışıqlar səbəbsiz deyil, müzakirələr hər iki tərəfin qərarı ilə “ABŞ-Türkiyə Strateji Mexanizmi” adlandırılıb.
Qəbul edilən bəyanata görə, Vaşinqton və Ankara Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq üçün birgə işləyəcək. Bəyanatda qeyd edilir ki, Blinken və Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh müqaviləsinin təşviqi üçün birgə işləməyə sadiqdir. Hər iki tərəf müqavilənin regional sabitliyə, əməkdaşlığa və tərəqqiyə töhfə verəcəyinə inanır.
ABŞ-də ikigünlük səfərdə olan Türkiyə xarici işlər naziri Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla da Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə edib.
Türkiyə tərəfinin fəaliyyəti, eləcə də ABŞ-nin rəsmi bəyanatları sübut edir ki, Amerika Rusiyanı regiondan kənarda qoymaq siyasətində Ermənistana o qədər də güvənmir, bu baxımdan Türkiyəyə daha çox inanır. ABŞ Rusiyanın da tərəfdaşı saydığı müttəfiqi Türkiyəni rusların yerində görür. Amerika bu baxımdan Türkiyənin bölgədə mütləq güc olması üçün hər şeyi etməyə imkan verəcək. Ermənistan Vaşinqtonu maraqlandırmır”./teleqraf.com