Ermənistan qeyri-müəyyənliyini davam etdirərsə… Qərbi Azərbaycan elan oluna bilər
Vaxtı ilə Azərbaycan ərazilərində separatçılığı öz fəaliyyətlərinin qayəsinə çevirənlər bu dəfə Ermənistanda baş qaldırmağa çalışırlar.
Separatçıların Ermənistanda hazırkı fəaliyyətinin və Qərb təmsilçiləri ilə görüşlərə can atmasının geosiyasi nisbətdə dəyişiklik yaratmaq ehtimalı yoxdur.
Amma separatçıların dayanmaması onların yenidən təşkilatlanmaq və bölücü mübarizə aparmaq üçün baza təsis etmək cəhdlərinin aynasıdır.
Azərbaycan hansı üsul və vasitələrlə olursa-olsun separatizm üçün ruhlandırıcı mənbələri regional təhlükəsizliyi narahat edən amil kimi qiymətləndirir.
O, narahatlıqlarını və bundan irəli gələcək preventiv tədbirləri açıq şəkildə ifadə edir.
Bakı qlobal məkanda tüğyan edən münaqişələr fonunda faktiki regional doktrinasını xeyli dərəcədə açır və məqsədlərini Ermənistanın taleyi üçün seçim kimi təqdim edir.
Azərbaycanın qeyd etdiyi strateji narrativlər Ermənistanın taleyi üçün iki variantda kritik dinamikadır.
Birinci variantda, Ermənistana sülhə gəlməsi üçün təkan verilir və İrəvana gələcək üçün bol regional iqtisadi-ticari şanslar təqdim olunur.
İkinci variant – Ermənistanın separatizmi dəstəkləməsi və ya Azərbaycana qarşı digər hərəkətlənməsinə verilə biləcək mənalı cavablar silsiləsidir. Bu ssenari Ermənistanın regional təcridinin davam etməsi fonunda onun üzərinə qoyula biləcək əlavə yükləri özündə birləşdirir.
Deməli, Ermənistanın regional təhlükəsizliyi təhdid edəcək zorakılıq kürsüsünü seçəcəyi təqdirdə nələrin baş verə biləcəyini təsvir etmək çətin olmamalıdır.
Burada Azərbaycanın İkinci Qarabağ müharibəsində və sonrakı dövrlərdə apardığı hərbi əməliyyatlar istinad nöqtəsidir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonrakı proseslər daha fərqli hekayələr haqqında düşünməyə əsas yaradır.
Həmin nöqtədə Azərbaycanın geosiyasi mənzərədəki yeni təsir dairəsinin hansı sərhədlərə sığdığını qiymətləndirmək lazımdır.
Sülh prosesi və yekun barışıq müqaviləsinin imzalanması ağrılı prosesdir və getdikcə təzə mübahisəli məqamlar gün işığına çıxır.
Fikir ayrılığı yaradan məsələlərin həlli üçün Azərbaycanla Ermənistanın birgə addımları da mövcuddur, hərçənd ki, bu, problemləri böyük ölçüdə yoluna qoymur.
Ortaq məxrəci tapılmayan mövzular Azərbaycanın strateji üstünlük verdiyi Zəngəzur dəhlizi, Qərbi azərbaycanlıların geri dönüşü və sərhədlərin delimitasiyasına Ermənistanın etirazları ilə daha da dərinləşir.
Azərbaycanın ortaya qoyduğu sülh modeli regional əməkdaşlıq bucaqlarının səmərəli inkişafı üçündür, Ermənistanın isə yanaşmasında çoxlu məchul nöqtələr tapmaq mümkündür.
Buna görə də Azərbaycan regionda Ermənistanı ən dar küncə qısnamaq üçün “təhlükəsizlik yoxlamaları” apara bilər.
İrəvanın planlı şəkildə qeyri-müəyyənlik məcrasına yönəlib revanş üçün vaxt qazanmaq cəhdi Azərbaycanın regional təftişlərini sürətləndirə bilər.
Azərbaycan böyük məqsədlərindən ən azından ikisini yaxın perspektivdə reallaşdırmaq üçün belə hərəkətlərə ehtiyac duyur.
Birincisi, Zəngəzur dəhlizinin açılması, ikincisi isə Qərbi azərbaycanlıların geri qayıdışıdır. Bu iki amil ortamüddətli perspektiv üçün sərhədlərin delimitasiyası prosesində Azərbaycanın əlini dəmir kimi möhkəm edə bilər.
Bu da başqa bir tematikadır ki, Azərbaycan istədiyini hansı üsullarla edəcək – ehtimallarda güc tətbiqi variantı istisna edilməməlidir.
Güc tətbiqinin fərqli metodologiyası də işləyə bilər. Əgər Azərbaycanla Ermənistan arasında diplomatik-siyasi danışıqlar bataqlığa düşsə, İrəvan separatçılığa himayədarlıq niyyətindən əl çəkməsə, Bakı daha sərt və daha dərin “zərbə”lər endirməyə başlaya bilər. Söhbət Qərbi Azərbaycanın elan edilməsindən gedir, əgər belə bir plan masada varsa:
– Azərbaycan təhlükəsizlik üçün bufer zonanı özü yaradacaq,
– Bakı təhlükəsizlik zolağının təyinindən sonra azərbaycanlıların tarixi torpaqlarına geri qayıtması planını icra edəcək.