ABŞ-Türkiyə razılaşmalarının pərdəarxası – “Hakan Fidan çox maraqlı cümlə işlətdi…”
“Türkiyənin xarici işlər naziri Hakan Fidanın Vaşinqtona son səfərinin nəticələrini müsbət qiymətləndirmək olar”.
Bunu politoloq Elxan Şahinoğlu Vaşinqtonda baş tutan iki günlük ABŞ-Türkiyə danışıqlarının yekunlarını şərh edərkən bildirib.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-Türkiyə Strateji Mexanizminin iclasının yekunlarına dair bəyanat veriblər. Bəyanatda qeyd olunur ki, ABŞ və Türkiyə Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunması üçün birgə səy göstərəcəklər: “Cənubi Qafqaza gəlincə, dövlət katibi Blinken və xarici işlər naziri Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər. Onlar bəyan ediblər ki, bu saziş regional sabitliyə, əməkdaşlığa və rifahın əldə olunmasına yardım edəcək”, – deyə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda deyilir.
Qeyd olunur ki, tərəflər regional prioritetlər, terrorla mübarizə, müdafiə sahəsində əməkdaşlıq, iqtisadi artım, ticarət, enerji təhlükəsizliyi və iqlim dəyişikliyi də daxil olmaqla, geniş spektrli məsələlər üzrə ABŞ-Türkiyə münasibətlərinin gücləndirilməsini müzakirə ediblər.
E.Şahinoğlu xatırladır ki, Hakan Fidan Vaşinqtona iki günlük səfəri zamanı amerikalı həmkarı Entoni Blinkenlə yanaşı Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Senatın Xarici Əlaqələr və Kəşfiyyat Komitəsinin üzvləri və Milli Kəşfiyyatın direktoru Avril Hayns ilə müxtəlif mövzuları müzakirə edib: “Hakan Fidan Türkiyə-ABŞ münasibətlərini dəyərləndirərkən maraqlı cümlə işlədib: “İki ölkə arasında dialoqu davam etdirərkən yenilənmiş psixologiya, daha müsbət gündəm və yeni səhifə açaraq yolumuza davam etmək imkanımız var. Böhranları idarə etmək üçün hər iki ölkənin yaddaşı və refleksləri var”. Hakan Fidan bununla demək istəyib ki, iki ölkə arasındakı münasibətlərdə həllini gözləyən problemli mövzular – ABŞ-nin Suriya ərazisində PKK-nın törəmə təşkilatlarına dəstəyi, Fətullah Gülənin Pensilvaniya ştatından “təşkilatını” idarə etməsi, razılaşmaların əksinə olaraq F-35 təyyarələrinin Türkiyəyə satışının qadağan edilməsi olsa da, dialoqdan və tərəfdaşlıqdan qopmaq olmaz. Doğru strategiyadır. Elə buna görə də Fidan amerikalı həmkarı Blinkenlə münasibətlərdə yeni bir dövr açmağa çalışaraq, mövcud problemləri idarə etmək, eyni zamanda iki ölkənin istehsal edə biləcəyi ortaq potensial və imkanları reallaşdırmağın vacibliyini bildirib”.
Ekspert hesab edir ki, ABŞ-nin dünya proseslərinə təsiri azalsa da, supergüc olaraq qalır. “Bu dövlətlə müxtəlif mövzularda razılaşmamaq olar, ancaq Vaşinqtonla bütün körpüləri yandırmaq doğru deyil. Azərbaycanın da ABŞ-nin siyasətindən haqlı narazılıqları var. Buna baxmayaraq, Bakı ilə Vaşinqton arasında dialoq davam edir, enerji və təhlükəsizlik sahəsində ortaq maraqlar var”, – o əlavə edib.