Rusiya üçün “F-35″ müəmmasıI… – Ukrayna ordusunun ehtiyatda hansı sürpirizləri var?

 

Ukraynada gedən ağır döyüşlər fonunda ABŞ və Avropadan ukraynalılar üçün gah ümidverici, gah da məyusedici bəyanatlar gəlir. Hiss olunur ki, Qərb müharibənin uzanması və Rusiyanın ləng addımlarla irəliləməsinə hələ ki, şərait yaradır. Nəticədə isə bu üzücü müharibə çoxsaylı insan tələfatına yol açır.

İnsan resursu cəhətdən Rusiyadan təqribən dörd dəfə geri qalan Ukraynaya Qərbdən əhəmiyyətli və cəbhədə ciddi dönüş yarada biləcək səviyyədə yardım gəlməyəcəksə, Kiyevin radikal qərarlar qəbul etməkdən başqa çarəsi qalmayacaq. Hələ ki, ABŞ rəsmiləri dumanlı və eyni zamanda şirnikləndirici vədlərini davam etdirirlər.

Belə vədlərdən biri də ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Millerə aiddir: “Biz hesab edirik ki, Ukrayna ordusunun qələbə qazanmaq üçün həyata keçirə biləcəyi planları var. Biz inanırıq ki, onların ehtiyatda bir neçə sürpirizi var”.

Görəsən, ABŞ rəsmisi “sürpirizlər” dedikdə nəyi nəzərdə tutur? Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindəki son uğurları qısa müddət ərzində Rusiyanın çoxlu sayda qırıcı-bombardmançı təyyarələrini məhv etməsindən ibarətdir. Ukraynalıların göstərəcəyi sürpirizlər heç şübhəsiz ki, ABŞ-nin yollayacağı texniki vasitələr və güclü silahlar sayəsində reallaşa bilər.

Əlbəttə, belə sürprizlərdən biri kimi Rusiya qırıcılarının məhv edilməsində ABŞ-nin stels texnologiyalı “F-35 Lightning” təyyarələrinin mümkün iştirakını göstərmək olar.

Belə ki, bu yaxınlarda Sinqapurun Müdafiə naziri Enq Henq bildirib ki, ABŞ Rusiyanın Ukraynadakı Hava Hücumundan Müdafiə sistemlərinin mövqeyini aşkarlamaq üçün “F-35” təyyarələrindən istifadə edir. Doğrudur, Pentaqon bu məlumatı təkzib edib. Lakin Pentaqonun təkzibinə baxmayaraq, bu məlumat inandırıcı görünür.

Məsələ ondadır ki, ”F-35” radarlara yaxalanmayan “görünməz” təyyarə olduğu üçün onun Ukrayna səmasındakı varlığından kim xəbər tuta bilər ki? Digər tərəfdən, mətbuatda yayılan məlumtalara görə, son vaxtlar “F-35”lər Polşa və Rumıniya hava məkanında tez-tez uçuş həyata keçirirlər. Bu təyyarədə “AN/ASQ -299 Barracuda ELINT” elektron kəşfiyyat sistemi qurşadırılıb ki, bunun da köməyi ilə 926 kilometr uzaqlıqdakı hədəfləri aşkarlamaq mümkündür.

Avdeyevkanın alınmasında Rusiya aviasiyasının Ukrayna mövqelərinə atdığı idarə olunan ağır bombalar döyüşlərin müqəddəratını həll etmişdi. Yoxsa, bəlkə də bu şəhərin işğalı zamanı ruslar 17 min nəfər yox, dəfələrlə çox itki verəcəkdilər. Rusiya komandanlığı bu taktikanın səmərəli olduğunu görüb, təyyarə itkisinə baxmayaraq, hava hücumlarını durmadan artırımışdılar. Bu bombaların aerodinamik xüsusiyyəti və tuşlayıcı sistemi hədəfi vumaq üçün nəzərdə tutulub.

Rusların istifadə etdikləri idarə olunan ağır aviasiya bombaları SSRİ vaxtından istehsal olunur və indi onun üzərində müəyyən yenilənmələr aparıblar. İdarə olunan bombaların ağırlığı əsasən 500 kiloqram olur. Çəkisi 1500 kiloqrama çatan bombalar da var. Onlardan həmçinin beton istehkam örtüklərinin dağıdılmasında istifadə olunur.

Rusiya döyüş aviasiyasıının daşıdığı idarə edilən bombaların maksimal uçuş məsafəsi 40 kilometrdir.

Təyyarələr cəbhə boyu Ukrayna mövqelərinə zərbələr endirmək üçün gün ərzində 100-150 uçuş həyata keçirirlər. Rusiya ordusu cəbhədə hər gün bu bombalardan istifadə edir. Belə hücumların qarşısını almaq üçün Ukraynanın kifayət qədər Hava Hücumundan Müdafiə sistemi yoxdur, ona görə də onlar ölkənin iri şəhərlərini qorumaq üçün qurulmuş HHM sistemlərinin bir hissəsini cəbhəyə yaxın yerlərə gətiriblər. Təbii ki, belə aviasiya bombaları ABŞ-nin silah arsenalında da yer alır.

Onu da qeyd edək ki, müharibənin əvvəlində ruslar əsasən SSRİ dövründən qalma, köhnəlmiş “Su-24” və “Su-25” təyyarələrindən daha çox istifadə edirdilər. Lakin onlar son zamanlar idarə olunan ağır aviasiya bombaları atdıqları üçün “Su-34” və “Su-35” təyyarlərini hücuma tez-tez göndərirlər. Bu təyyarələr öz xarakteristikasına görə bir-birinə yaxın olsalar da onların müəyyən modifikasiya fərqləri var.

Rusiyanın ən müasir təyyarələri sırasında yer alan “Su-34” qırıcı bombardmançı təyyarəsinin ilk sınaq uçuşu 1990-cı ildə həyata keçirilsə də, onun Rusiya Silahlı Qüvvələrinin döyüş cərgəsinə qoşulması 2014-cü ildən başlayıb. Bu da onu göstərir ki, əslində, “Su-34” təyyarəsi SSRİ istehsalı “Su-25” və “Su-27” təyyarələrinin dərin modernləşdirilməsi nəticəsində ərsəyə gətirilib.

Yeri gəlmişkən, bu sözləri elə “Su-35”-lər üçün də söyləmək olar, hərçənd ki, çoxfunksiyalı “Su-35”in ilk sınaq uçuşu 2008-ci ildə baş tutsa da, mütəxəssislər bu təyyarəni də SSRİ-Rusiya hibridi hesab edirlər.

Rusiya Ukraynaya hücum edən zaman onun ordusunun döyüş cərgəsində təxminən 150 ədəd “Su-34” və 130 ədəd “Su-35”in olduğu qeyd edilirdi. Müharibənin gedişində vurulan Rusiya təyyarələrinin çoxu köhnə “Su-24” və “Su-25”olub. 2023-cü ilin noyabrının əvvəlindən başlayaraq isə “Su-34” və “Su-35” təyyarələri Ukrayna ordusunun mövqelərinə ağır aviasiya bombaları atır. Bu zaman həmin təyyarələrin özləri də tez-tez vurulur.

Digər tərəfdən, vurulma riskinin artmasına baxmayaraq, bu təyyarələrdən intensiv istifadə olunmasının səbəblərindən biri də Rusiya nizami ordusunda yaranmış problemlərlə bağlıdır. Ordu xeyli itki verib və hər hansı yaşayış massivinin zəbt olunması üçün təyyarələrin köməyinə böyük ehtiyac yaranır.

ABŞ Ukraynadakı müharibənin gedişini diqqətlə izləyir və rus təyyarələrinin məhv edilməsində onun iştirakı istisna edilmir. Bunun səbəbi isə Avdeyevkadan sonra Ukrayna ordusunu çıxılmaz vəziyyətdən qurtarmaq ola bilər. Artıq son bir aya yaxın müddətdə Rusiya ordusu Ukrayna müharibəsində 15 müasir qırıcı-bombardmançı təyyarəsini itirib. Məhz buna görə də rusların Ukrayna ordusunun döyüş mövqelərinə hücumlarının intensivliyi xeyli səngiyib. Bu nəticənin əldə edilməsində “F-35”-lərin nə dərəcədə rol oynadığını isə heç kim bilmir. Bu rol varsa da, həmin təyyarənin özü kimi görünməzdir... /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password