Kremldən Ermənistan son xəbərdarlıq: Bu kobud səhv idi
Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə Rusiya və Türkiyənin mövqeyi üst-üstə düşür. Çünki orta dəhlizə nəzarət məsələsində ABŞ-nin məlum mövqeyi var. Onların Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Ankaranın maraqlarına cavab vermir. Türkiyə NATO üzvü olmasına baxmayaraq buna razılıq vermir. İstəyir ki, 2020-ci ildəki razılaşmaya əsasən nəzarət olunsun.
Bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, ABŞ Ermənistan vasitəsilə bölgədəki geosiyasi konfiqurasiyanın dəyişməsinə cəhd göstərir:
“ABŞ Ermənistandan alət olaraq istifadə edir. İrəvanın Zəngəzur dəhlizində mövqeyi, dəhlizin Ermənistan xüsusi təyinatlı bölmələri tərəfindən mühafizə olunması ilə bağlı məsələyə hesablanıb. Ermənistan suveren dövlət olması ilə bağlı məsələdən çıxış edərək, belə mövqe sərgiləyir. Halbuki, əsas məqsəd ABŞ-nin sifarişidir. Amerika Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq və Ermənistan vasitəsilə bölgəyə nəzarəti gücləndirmək istəyir”.
Politoloq Kalininqradın anklav kimi Moskva-Qərb razılaşmasına əsasən Rusiya ərazisi olduğuna diqqət çəkib:
“Dəhlizə belə statusun verilməsi, Azərbaycandan Naxçıvana gedən yüklərin və sərnişin daşınmaları ümumiyyətlə ölkəmiz üçün gömrüksüz həyata keçirməsini təmin edəcək. Türkiyə üçün də bunun əhəmiyyəti böyük olacaq. Atatürkün dediyi kimi, Naxçıvan Türkiyə üçün Şərq qapısı olub. Bu mənada dəhlizə belə status verilməsi, Azərbaycan və mərkəzi Asiyanın Türkdilli dövlətləri ilə ticari-iqtisadi münasibətlərinin genişlənməsinə və Türkiyənin bölgədə nüfuz dairəsinin artmasına şərait yarada bilər. Bu status Azərbaycan, Türkiyə və Rusiyanın da maraqlarına cavab verir”.
Elşən Manafov bildirib ki, Lavrovun Ermənistana xəbərdarlığı ilə, ciddi və diplomatik etiket qaydalarından müəyyən mənada kənara çıxdı:
“Çünki Lavrov Ermənistanı nankor adlandırdı. Rusiyanın baş diplomatı belə bir kobud ifadəyə yol verməmişdi. Bu da Ermənistanın mövqeyindən qaynaqlanan bir məsələdir. Çünki İrəvanın həmlələri KTMT-dən çıxarılmasına, Avrasiya İqtisadi İttifaqından da uzaqlaşdırılmasına hesablanmış addımlardır. Əslində bu, Ermənistanın addımları deyil. Bu, konkret olaraq Paşinyan iqtidarının ABŞ qarşısında götürdüyü öhdəliklərdir. Ermənistan olduqca təhlükəli sularda üzür. Lavrovun xəbərdarlığı məhz bunu ehtiva edirdi”.