Rusiya-Ermənistan gərginliyi yeni fazaya keçir – Qərb Paşinyanı xilas etmək üçün nə düşünür?

 

Rusiya tərəfinin təşəbbüsü ilə martın 5-də Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyanla Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlərin ikitərəfli münasibətləri və regiondakı vəziyyətlə bağlı məsələləri müzakirə etdiyi bildirilir.

Maraqlıdır, ötən həftə hər iki nazir Antalya Diplomatiya Forumunda iştirak edib çoxsaylı görüşlər keçirsələr də bir-birləri ilə təmas qurmağa ehtiyac görməyiblər. Moskva-İrəvan arasında hazırki gərgin münasibətlər fonunda nazirlərin görüşü məntiqli olardı. Sergey Lavrov həmin toplantıda jurnaistlər qarşısında verdiyi bəyanatları Ararat Mirozyanla şəxsi söhbətdə deyə bilərdi. Görünür, Rusiya Ermənistan ilə müzakirələrin mənasız olduğunu anlayır. Paşinyanın Ermənistanı indi də Fransanın vassalına çevirmək niyyətində olduğu açıq görünür. Rusiya isə onu niyyətindən daşındırmaq üçün diplomatiyanın səmərə vermədiyini görür. Odur ki, artıq real təzyiq rıçaqlarını işə salmaq barədə düşünə bilər.

Lavrovun Mirzoyana zəngi də Ermənistan rəhbərliyindən KTMT ilə bağlı konkret qərar tələb etməsi ilə bağlı ola bilər. Nazir Antalyada kəskin formada bəyan etdi ki, hərbi ittifaqda üzvlüyü dondurmaq anlayışı yoxdur, ölkə təşkilatda ya var, ya da yoxdur. Lavrov onu da bəyan etmişdi ki, Ermənistan bu qərarı verirsə, faydalandığı digər inteqrasiya bilriklərində iştirakına da yenidən baxmalıdır. Yəni, KTMT-dən çıxıb Avrasiya İqtisadi İttifaqında (Aİİ) qala bilməz. Ermənistan hazırda bu təşkilata sədrlik edir, ötən il Aİİ ölkələri ilə ticarətin həcmi 8 milyard dollara yaxın olub.

Beləliklə, yaxın zamanlarda Rusiya-Ermənistan gərginliyinin növbəti fazaya keçəcəyini düşünmək olar. Lavrovun bəyan etdiyi kimi, Moskva “müttəfiq” ölkə ilə münasibətlərinə yenidən baxacaq və əlindəki iqtisadi, siyasi təzyiq rıçaqlarını işə salacaq.

Məlumdur ki, Ermənistanın energetika sektoru tamamilə Rusiyanın əlindədir. Moskvanın Azərbaycan torpaqlarında yaratdığı bu ölkənin sərhədlərini belə Rusiya sərhədçiləri qoruyur. Ermənistanda Rusiyanın hərbi bazaları var. Bu “müstəqil” ölkənin ən böyük valyuta mənbəyi də Rusiyadır.

Ermənistan Moskvanın yaradacağı çətinliklərin təsirini azaltmaq üçün daxili resurslara sahib deyil. Qərbdəki məlum dairələr də onların sifarişi ilə hərəkət edən Paşinyan hakimiyyətini qorumaq üçün ona dəstək verməyə çalışır. Ötən həftə Avropa İttifaqının (Aİ) İrəvandakı nümayəndəliyi bəyan etdi ki, Ermənistan üçün nəzərdə tutulan 2.6 milyard avronun 550 milyonu artıq İrəvana verilib.

Bundan başqa ABŞ və Avropa İttifaqı Türkiyə ilə diplomatik təmasları artırıb. Əsas məqsəd Ermənistan iləl sərhədlərin açılması və Rusiyanın yaradacağı neqativ təsirləri Türkiyə hesabına aradan qaldırmaqdır. Bu məsələ Antalya Diplomatiya Forumunda geniş müzakirə olunub. Aİ-nin Cənubi Qafqaz üzrə təmsilçisi Toivo Klaar bəyan edib ki, Türkiyə regionda fəallığını artırmalı və sabitləşdirici rolunu gücləndirməlidir.

Mümkündür ki, yaxın günlərdə ABŞ dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında planlaşdırılan görüşdə əsas mövzulardan biri Ermənistanla sərhədlərin açılması, Azərbaycanla normallaşma prosesinə dəstək verilməsi ilə bağlı olacaq. Yəni Qərb regionda Türkiyənin imkanlarından da istifadə etməklə Rusiyanın İrəvana qarşı həmlələrini neytrallaşdırmağa, Paşinyan hakimiyyətini qorumağa çalışır.

Ancaq bunun üçün ilk növbədə İrəvanın Bakının şərtlərini qəbul etməsi, Azərbaycanla sülh müqaviləsi imzalamağa razılaşması lazımdır. Hər halda Antalya Diplomatik Forumunda çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan aydın şəkildə bu mesajı verib.

“Qarabağın 30 illik işğalı başa çatdıqdan sonra Ermənistanla başladığımız normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik” – deyə, Türkiyə lideri nöqtəni qoyub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password