Putinin planı ABŞ-ni hərəkətə gətirdi – “Azərbaycan üçün də təhlükəlidir”
Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyə çalışması xəbəri beynəlxalq aləmdə hələ də müzakirə edilir, ciddi narahatlıq var. Rusiyanın kosmosda nüvə silahı yerlədirməsi fəaliyyətinə başlamasına dair məlumatları ABŞ kəşfiyyatı yayıb. Vəziyyət o qədər ciddidir ki, ABŞ Konqresində bununla bağlı “Milli təhlükəsizliyə ciddi təhdid” mövzusunda qapalı toplantı keçiriləcək.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertlərinə görə, təhlükə həm də ondan ibarətdir ki, Rusiya kosmosda nüvə silahı yerləşdirməyə çalışsa, digər nüvə ölkələri də özlərini qorumaq üçün eyni prosesə başlayacaqlar:
“Bəşəriyyət üçün başqa təhlükə də yarana bilər. Rusiya texnologiyasına etibar yoxdur və bu ölkənin kosmosda yerləşdirmək istədiyi nüvə silahının nəzarətdən çıxmayacağını demək çətindir.
ABŞ dövlət katibi Entoni Blinken mövcud təhlükəylə bağlı çinli və hindli həmkarıyla ilə müzakirələr aparıb. Blinken Pekin və Dehlinin Kremlə təsir etmələrini istəyib ki, Rusiya hakimiyyəti təhlükəli planlarından imtina etsin. Blinkenin fikrincə, Çin lideri Si Cinpin və Hindistan Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə bu barədə danışmalıdır. Vaşinqtonda hesab edirlər ki, Putin planlarından imtina etməsə, bu, fəlakətə səbəb olacaq.
Kosmosda Çin və Hindistanın da süni peykləri var. Fəzada nüvə partlayışı ABŞ ilə yanaşı, Çin və Hindistanın peyklərini də sıradan çıxaracaq. Əgər belə bir hal varsa, bu, Azərbaycanın da kosmosdakı peyki üçün təhlükə yaradacaq.
Pekinin Kremlə bu məsələylə bağlı təsir edəcəyi çətindir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda da, Vaşinqton Pekindən xahiş etmişdi ki, müharibəni dayandırmaq məqsədilə Kremlə təsir etsin. Pekin nəinki müharibədən narazılığını bildirdi, əksinə, müharibənin davam etdiyi iki ildə Rusiya ilə strateji tərəfdaşlığını gücləndirdi. Pekin müharibəni dayandırmaq üçün səy göstərsəydi, bu, Çin-ABŞ münasibətlərinə müsbət təsir edərdi. Ancaq Çin Tayvan ətrafında hərbi gücünü artırmaqla ABŞ və ətraf ölkələrlə münasibətlərin gərginləşməsi siyasətinə üstünlük verdi”.