Hökumət sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işləri açıqlayıb
Hökumət sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işləri açıqlayıb.
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd olunub ki, fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş sənədlər olduğu təqdirdə həyata keçirilir. Şəhərsalma tikinti və torpaq qanunvericiliyinin tələblərinə riayət edilmədən inşa olunmuş fərdi yaşayış evləri ilə bağlı problemin köklü şəkildə həllinin aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində mümkünlüyü nəzərə alınaraq, İqtisadiyyat Nazirliyinin təşəbbüsü əsasında Prezident Administrasiyası rəhbərinin 2023-cü il 4 aprel tarixli məktubu və Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və bir sıra yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin daxil olduğu idarələrarası işçi qrupu yaradılıb. İşçi qrupunun 2023-cü il 22 iyun tarixində ilk iclası keçirilib. Bununla bağlı işçi qrupu tərəfindən müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması istiqamətində işlər davam etdirilir.