Hakan Fidanla kritik təmas: Zəngəzurla bağlı hədəfləri bəlli oldu
Türkiyə ilə Rusiyanın münasibətləri uzun müddətdir yüksələn xətt üzrə inkişaf edir. Baxmayaraq ki, bəzi məsələlərə baxışda tərəflər arasında kifayət qədər fikir ayrılıqları var. Ümumiyyətlə, bu fikir ayrılıqlarına baxmayaraq, tərəflər münasibətləri inkişaf etdirmək istiqamətində ciddi addımlar atırlar. Həlli mümkün olan məsələlər yoluna qoyulur. Bəzi regional məsələlərdə tərəflər arasında müəyyən baxışlarda yaxınlıq var. Bunlardan biri də Güney Qafqazla bağlı olan məsələdir. Xüsusilə də nəzərə alsaq ki, hər iki ölkə 3+3 formatını dəstəkləyir. Güney Qafqazdakı problemlərin məhz bu format çərçivəsində həll olunmasında maraqlıdırlar.
Bunu Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasındakı müzakirələri şərh edən politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, hər iki ölkənin Güney Qafqazla bağlı məsələlərdə ikitərəfli mövqeləri əsasən üst üstə düşür:
“Ən vacib məqam isə Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzur dəhlizi məsələsi 10 noyabr üçtərəfli bəyanatında xüsusi bir bənd olaraq qeyd olunub. Ermənistanın dəhlizi açmaqla bağlı öhdəliyi var. Bu öhdəlik ondan ibarətdir ki, Ermənistan Azərbaycanın Qərb rayonları ilə Naxçıvanın quru əlaqəsini təmin etmək üçün, nəqliyyat vasitələrinin, yüklərin və vətəndaşların sərbəst maneəsiz və təhlükəsiz hərəkətinə zəmanət verir. Nəzarəti isə Rusiya sərhədçiləri həyata keçirirlər. Məhz bu baxımdan bu variant böyük ölçüdə Türkiyəni də qane edir. Amma biz üç ildən artıq keçən müddətdə Ermənistanın məhz bu öhdəliyi yerinə yetirməklə bağlı hansısa addım atmadığını görməkdəyik.
Ermənistan bir formada prosesi uzadaraq, bölgəyə başqa oyunçuları cəlb etmək və Rusiyanın buradakı vəzifələrini başqalarına verməyə çalışır. Ermənistan bu öhdəlikdən yayınaraq qeyd edir ki, guya bu dəhlizdə bütün məsələlərə nəzarət etmək imkanındadır. Kommunikasiyalara nəzarət ilə bağlı Ermənistan təhlükəsizlik xidmətində xüsusi bölmələr yaradılıb. Amma bütün hallarda bu, Ermənistanı öhdəlikdən azad etmir. Ermənistan xüsusilə də Qərbin müxtəlif dairələrini, Fransanı bölgəyə cəlb etməklə bu prosesin qarşısını almağa çalışır. Bu isə Türkiyənin, Azərbaycanın, həm də Rusiyanın maraqlarına ziddir. Düşünürəm ki, kommunikasiyaların açılması deyiləndə ilk növbədə Zəngəzur dəhlizi nəzərə gəlir. Rusiya Zəngəzur dəhlizi vasitəsilə həm İranın qərb hissəsi ilə əlaqələr qura, həm də bununla bərabər Hind okean, Körfəz ölkələrinə çıxış əldə edə bilər. Eyni zamanda bu xətt üzərindən Ermənistanla da davamlı yük daşımaları həyata keçirmək imkanı var. Ən önəmlisi Türkiyə ilə birbaşa dəmir yolu əlaqələri yaratmaq, Yaxın və Orta Şərqə ciddi şəkildə çıxış əldə etməkdir. Bu baxımdan Kreml marağındadır ki, Zəngəzur dəhlizi açılsın və bu dəhlizə üçtərəfli bəyanatda qeyd olunduğu kimi, Rusiya nəzarət etsin. Bu məsələlərdə də Türkiyə ilə Rusiya arasında fikir ayrılığı yoxdur. Hər iki tərəf bu prosesi həyata keçirmək istəyir və buna da yəqin ki, çalışacaqlar nail olunsun”.
Politoloq Ermənistanın KTMT-dən ayrılmaq məsələsi ilə bağlı addımlarına da toxunub.
“Ermənistanın KTMT-ni rəsmi şəkildə tərk etmək məsələsində, hüquqi prosedurların həyata keçməsi üçün yarım ildən artıq vaxt lazımdır. Hazırkı durum Ermənistanın maraqlarına uyğundur. O baxımdan ki, Ermənistan KTMT-dən rəsmən çıxmamaqla, formal olaraq orada qalmaqla Rusiyanı və qurumu şantaj edir. Əgər qurumdan çıxası olacaqsa, o zaman Rusiya və KTMT-yə bundan sonra hansısa irad bildirmək imkanı olmayacaq. Bu baxımdan Ermənistan prosesi bu cür aparmağa çalışacaq. Rusiya səbrinin son mərhələsinə gəlib çatıb. Ermənistandan artıq mövqeyini müəyyənləşdirməyi tələb edir. Lavrov bildirdi ki, onlar hansı formada qalacaqlarsa, bununla bağlı qərar verməlidirlər. Amma orada diqqət çəkən ifadə də var. Bu, xalqın verəcəyi qərar olmalıdır. Söhbət yalnız hakimiyyətin verəcəyi qərardan getmir. Bu baxımdan bu ifadəyə diqqət etmək lazımdır. Rusiya XİN başçısı qeyd etdi ki, əgər erməni xalqı da bu qərarı verəcəksə, o zaman münasibətlərə yenidən baxıla bilər. Bu, əslində xəbərdarlıqdır. Rusiyanın Ermənistana ciddi şəkildə təsir etmək imkanları var.
Hazırda erməni cəmiyyətində anti-Rusiya fikirləri kifayət qədər yüksəkdir. Rusiya tərəfdarlarının mövqeləri əvvəlki dövrlərdən fərqli olaraq çox da güclü deyil. Bu baxımdan Rusiya radikal addımları hələlik atmır və bir az daha səbrli davranır. Radikal addımlar atılacağı təqdirdə, Ermənistanda anti-Rusiya mövqeləri bir az da yüksələ bilər. Bu da Rusiyanın maraqlarına uyğun deyil. Rusiya müəyyən mərhələyə qədər buna səbrli yanaşacaq. Xüsusilə də nəzərə alsaq ki, Güney Qafqazdakı proseslərin Ukrayna müharibəsinə də ciddi şəkildə təsiri var. Son dövrlər Rusiya bu savaşda da təşəbbüsü ələ alıb. Bu da ciddi şəkildə proseslərə təsir edə bilər. Rusiya bütün diqqətini Ukraynaya yönəldib. Amma müəyyən qədər hansısa bir nəticəyə çatdıqdan sonra Güney Qafqazla maraqlana bilər. Ehtiyac olacağı halda tanıdığımız Rusiya heç nəyə baxmadan radikal addımlar ata bilər”.