İranda seçki: Rejimin legitimlik böhranı dərinləşir – VİDEO
Martın 1-i İranda seçki günüdür.
Səsvermə hüququ olan 61 milyondan çox İran vətəndaşı həm 290 yerlik İslam Şurası Məclisinin, yəni parlamentin deputatlarını, həm də 88 yerlik Ekspertlər Şurasının üzvlərini seçməlidir.
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan videosüjetdə bəhs edilir.
“Bu, 2022-2023-cü illərdə ölkəni bürümüş kütləvi xalq etirazlarından sonra keçirilən ilk seçki olduğundan əvvəlki seçkilərdən bir çox xüsusiyyətləri ilə fərqlənir. Eyni zamanda bu seçki İbrahim Rəisi hökuməti dövründə baş tutan ilk seçkidir. Bu iki amil hazırkı seçkilərin siyasi mahiyyət və xarakterinə ciddi şəkildə təsir göstərməkdədir.
Belə ki, mühafizəkar qüvvələr bu seçkilərə İbrahim Rəisinin prezidentlik postuna gətirilməsi ilə sürətlənən hakimiyyətin tam inhisara alınması prosesinin son və həlledici mərhələsi kimi baxırlar. Təsadüfi deyil ki, Nəzarət Şurasının ələyindən keçərək seçkilərə buraxılan namizədlərin mütləq əksəriyyətini məhz mühafizəkar namizədlər təşkil edir. Bu üzdən indiki seçkini bəzi ekspertlər “seçimsiz seçki” kimi səciyyələndirirlər, bəziləri də mühafizəkarların, yaxud fundamentalistlərin “daxili savaşı” olaraq görürlər”, – deyə materialda bildirilir.
“Amma seçki prosesinin gedişi göstərdi ki, rejimin ali rəhbərliyini konkret olaraq kimlərin deputat seçilməsindən daha çox ölkə vətəndaşlarının seçkilərdə iştirakı məsələsi narahat edir”, – deyə süjetdə qeyd edilir.
Daha ətraflı videosüjetdə: