Qərbi Azərbaycan Xronikası: İrəvan xanının evində məskunlaşan ermənidən etiraflar
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilər İrəvanda olan Azərbaycan irsini farslaşdırırlar” adlı veriliş efirə gedib.
Verilişdə ermənilərin İrəvanın keçmişini unutdurmaq üçün bu şəhərin gerçək tarixini İran və ya fars adı ilə təqdim edib böyük tarixi cinayət törətmələrindən bəhs olunub.
Bildirilib ki, erməni vandalları tərəfindən mədəniyyət nümunələrinin göz önündə dağıdılması ilə barışmayanlar da var. Belə ki, Cənubi Qafqazda münaqişələr kontekstində yaddaş, sərhədlər və şəxsiyyətin yaradılması siyasəti, müstəmləkə və post-müstəmləkə irsinin araşdırması ilə məşğul olan Lilit Gijlaryan Münaqişənin Transformasiyası Təhlili Mərkəzinin layihə meneceridir. Onun İrəvanın qədim vaxtlardan bəri azərbaycanlıların yaşadığı Firdovsi küçəsi haqqında çıxış və yazıları tarixi gerçəyin etirafı baxımından əhəmiyyətlidir.
Qeyd olunub ki, L.Gijlaryan İrəvan tarixini gizlədən, onu saxtalaşdıran erməni tədqiqatçılarının əməllərini də ifşa edib:
“Onun yazısından bəlli olur ki, İrəvan Gəncə, Şamaxı və digər Azərbaycan şəhərləri kimi, kərpicdən tikilib və eyni formaya malik olub. 1924-cü ildə İrəvanın simasını dəyişmək üçün hər vasitəyə əl atan ermənilər tezliklə tuf daşlı yeni şəhər tikiblər, əsl şəhəri ya torpağın altında, ya da qalın sement qatların içində gizlədiblər, tədricən dağıdıblar. Bu gerçəyi anlayan erməni alim və araşdırmaçıları Azərbaycan türklərinin izini itirmək üçün bütöv İrəvanın fars, tatar, bəzən də taciklərə aid olması haqqında sərsəm və elmi sübutu olmayan fikirlər yazırlar. Elə qədimdən azərbaycanlıların yaşadığı, İrəvan xanının da evinin yerləşdiyi küçəyə fars-tacik şairi Firdovsinin adını verməklə İrəvanı fars mədəniyyətinə calamaq, Azərbaycan izini itirmək məkrini güdür”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.