Zelenski Ermənistana gedərsə… – “Bu, maskaların cırılacağı siyasətin zirvəsi olacaq”

 

“Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri Ermənistan və Rusiya arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər”.

Bunu Rusiyalı politoloq, Xarici və Müdafiə Siyasəti Şurasının tədqiqat proqramları üzrə direktor müavini Dmitri Suslov “Sputnik Ermənistan”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna liderinin İrəvana səfərinin Ermənistanın real maraqları ilə heç bir əlaqəsi ola bilməz.

“Bu, çox güman ki, kollektiv Qərbin Rusiyanın Ermənistanın hazırkı rəhbərliyi ilə əlaqələrini tamamilə məhv etmək istəyindən xəbər verir”, – Suslov vurğulayıb.

Xatırladaq ki, erməni mətbuatında Zelenskinin yaxın vaxtlarda İrəvana səfər edəcəyi, bəzi məlumatlara görə isə səfərin martın 4-də baş tutacağı barədə məlumatlar yer alıb. Ermənistan Xarici İşlər Nazirliyi bunu nə təkzib, nə də təsdiq edib.

KİV-in məlumatına görə, səfər regional xarakter daşıyır: Zelenski Bakıya da səfər etməyi planlaşdırır. Lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Suslovun fikrincə, Zelenskinin İrəvana səfəri Ermənistanın hazırkı rəhbərliyi tərəfindən həyata keçirilən Rusiyadan qoparaq Qərbə istiqamətlənmə siyasətinin zirvəsi olardı: “Bu siyasət sistemlidir və Rusiya ilə təhlükəsizlik münasibətlərinin zəiflədilməsi hesabına aparılır. Eyni zamanda Rusiyaya strateji məğlubiyyətinə nail olmaq istəyini açıq şəkildə nümayiş etdirən ölkələrlə əlaqələri genişləndirmək və dərinləşdirməkdən ibarətdir. Biz başa düşməliyik ki, indiyədək Zelenski Baltikyanı ölkələr istisna olmaqla, heç bir postsovet ölkəsinə səfər etməyib. Heç bir halda. O, Qazaxıstanda və ya Mərkəzi Asiyanın başqa bir yerində olmayıb, hətta Gürcüstanda və Moldovada da… Ona görə də onun Cənubi Qafqaz ölkələrinə gəlişi, necə deyərlər, bütün maskaların cırılacağı siyasətin zirvəsi olacaq”.

Ekspert hesab edir ki, əgər Zelenski təkcə İrəvana deyil, Bakıya da səfər edərsə, bu, mənfi təsiri bir qədər yumşaldacaq. Suslov qeyd edib ki, Ermənistan Azərbaycandan fərqli olaraq rəsmən Rusiyanın müttəfiqidir.

Suslovun fikrincə, ümumilikdə İrəvanla Moskvanın münasibətlərində hazırkı vəziyyət çox qeyri-müəyyəndir. Ticarət-iqtisadi sahədə ciddi və intensiv əməkdaşlıq davam edir, ticarət dövriyyəsi artır, Ermənistan Avrasiya İqtisadi İttifaqına sədrlik edir.

“Siyasət və təhlükəsizlik sferasında isə Ermənistanın açıq şəkildə Rusiyanın opponentlərinin tərəfinə keçməsi müşahidə olunur. Buradan geri dönmək hələ də mümkündür, lakin getdikcə çətinləşir. Zelenski İrəvana səfər edərsə, bu, geri dönüş nöqtəsi qapanacaq”, – o əlavə edib.

Qeyd edək ki, Ukrayna liderinin Ermənistana mümkün gəlişi ilə bağlı məlumatlar İrəvanla Moskva arasında münasibətlərdə gərginliyin nəzərəçarpacaq dərəcədə artması fonunda ortaya çıxıb.

Bundan əvvəl Nikol Paşinyan “France24”-ə müsahibəsində demişdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını “dondurub”. O, həmçinin Rusiyanın yüksək rütbəli rəsmilərini 2023-cü ilin payızında erməni xalqını öz hökumətini devirməyə çağırmaqda ittiham edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password