Sərkisyanın Xocalı qətliamı haqda etirafı…
Faciənin 32-ci ildönümündə də həmişə olduğu kimi erməni mediası – xüsusilə erməni müxalifətinin nümayəndələri və onların nəzarətində olan KİV – Xocalıda baş verənlərin soyqırım deyil, Azərbaycanın təbliğatı olduğunu iddia edir.
1992-ci ilin fevralın 26-da baş verən soyqırımı Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 2000-ci ildə müdafiə naziri olarkən politoloq Tomas de Vaala müsahibəsində etiraf etmişdi.
“Xocalıya qədər azərbaycanlılar bizim sadəcə zarafat etdiyimizi düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”, – Sərkisyan bildirmişdi.
Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər hadisədən bir neçə gün sonra dünya mediasında da dərc olundu.
Dünyanın məşhur nəşrləri – “Vaşinqton Post”, “Nyu York Tayms”, “Boston Qlob”, “Voll Strit Jurnal”, “Sanday Tayms”, “Çikaqo Tribun”, Tayms”, “Quardian”, “Le Monde” qəzetləri, “Assoşeyted Press” və “Röyters” agentlikləri, “Taym” jurnalı, “BBC telekanalı və s. ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə faktlar, foto və videolar təqdim etdilər.
“Vaşinqton Tayms” qəzeti 2 mart 1992-ci il tarixli məqaləsində baş vermiş qətliamı bu cür təsvir etmişdi:
“Təxminən Xocalının on min nəfər sakininin 1000 nəfəri çərşənbə axşamı baş verən hücumda erməni ordusu tərəfindən qırğına məruz qaldı. Azərbaycan Televiziyası Xocalı şəhərinin ərazisindən daşınan cəsədlərlə dolu vaqonları göstərdi”.
1992-ci ilin martın 14-də Fransanın “Le Monde” qəzeti isə yazmışdı:
“Ağdamda əcnəbi jurnalist öldürülmüş insanlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış bir qadın və üç uşaq görmüşdü. Bu, Azərbaycanın təbliğatı deyil, reallıqdır”.