Azərbaycana qarşı riskli həmlə: Ərdoğan xəbərdarlıq etdi
Türkiyə-Azərbaycan ittifaqı Qarabağı yenidən qarışdırmaq istəyən Fransa və Rusiyaya imkan verməyəcək.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Türkiyənin yeni nəsil KAAN qırıcı təyyarəsi təkcə bu ölkənin qürur mənbəyi deyil, Azərbaycanın da fəxarət yeridir. Türkiyənin siyasi-hərbi cəhətdən inkişafı Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi üçün önəmli amildir. Unutmaq lazım deyil ki, Azərbaycan Rusiya və İran kimi imperialist siyasət yürüdən ölkələrlə sərhəddir. Məhz bu iki ölkə daima Azərbaycanın müstəqilliyi və təhlükəsizliyini təhdid edir”, – ekspert bildirib.
Məhəmməd Əsədullazadənin fikrincə, Türkiyənin hərbi sənayesinin inkişafı xüsusən də İkinci Qarabağ Müharibəsindən sonra mühüm önəmə malikdir:
“Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin qlobal güc olaraq Qarabağda – Azərbaycanda olduğunu bəyan etdi. Türkiyə lideri Azərbaycandan danışarkən Qarabağın adını təsadüfi çəkmədi. Çünki Rusiya və Fransa yenidən Qarabağla bağlı təxribatçı addımlar atmağa çalışır. Rusiya hərbi kontingentini Qarabağda saxlamağa, Ermənistanı silahlandıran Fransa da ermənilərin bura qayıtmalarında maraqlıdır. Hər iki ölkə məqsədlərini reallaşdırmaq üçün ermənilərin Qarabağa qayıtmalarına eyni dərəcədə maraq göstərir. Amma bu çirkin hesaba mane olan bir ciddi faktor var: Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi.
Hesab edirəm ki, Ərdoğan Qarabağla bağlı bu iki ölkənin kirli planlarının qarşısının alacağı mesajını verdi. Bu mesaj xəbərdarlıq xarakterindədir. Bölgəni yenidən qarışdırmaq istəyənlər Türkiyə amilini də nəzərə almalıdırlar. Türkiyə artıq hərbi cəhətdən bölgədədir, həm də Azərbaycanın müttəfiqi kimi”.