Putinin Azərbaycandan yeni istəyi: Türkiyədə olduğu kimi…
Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin fevralın 22-də Moskvada rusiyalı həmkarı Vladimir Putinlə müttəfiqlik sazişi imzaladı. Saziş 43 maddədən ibarətdir. Sənəd ikitərəfli münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmalı idi. Sazişin imzalanmasından keçən iki ildə Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsindədirmi?
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri hesab edirlər ki, sazişin imzalandığı tarixə diqqət yetirmək lazımdır:
“Saziş fevralın 22-də imzalanıb, iki gün sonra Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayıb. Böyük ehtimalla Rusiya hakimiyyəti Azərbaycanla saziş imzalamağa hazırlaşarkən, Ukraynaya qarşı savaşa başlayacağını planlaşdırmışdı. Görünür, Rusiya prezidenti Ukrayna ilə müharibəyə başlamadan əvvəl qonşu dövlətlərin biri ilə saziş imzalamaq istəyib. Bununla Putin göstərmək istəyirdi ki, Rusiyanın dostları da var. Putin imzalanma mərasimindən əvvəl İlham Əliyevlə görüşdə dedi ki, onun Rusiya imperiyasının bərpa etmək istəyi yoxdur. Belə xəbərləri təkzib edir”.
Analitiklər hesab edirlər ki, Putin bu açıqlaması ilə Rusiyanın qonşularını sakitləşdirmək istəyib:
“Putin bildirdi ki, Rusiyanın Azərbaycanla imzaladığı “müttəfiqlik haqqında bəyannamə” iki ölkə arasında münasibətlərdə yeni mərhələ olacaq.
Azərbaycan İkinci Qarabağ Müharibəsində qələbə qazanmış, Ermənistanın işğalına son qoymuşdu. Üstəgəl, Azərbaycan və Türkiyə 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışdı. Bu, İlham Əliyevin də dediyi kimi, iki ölkə arasındakı strateji müttəfiqliyin rəsmiləşdirilməsidir. İkinci Qarabağ Müharibəsindən sonra Türkiyənin Cənubi Qafqaz, o cümlədən Azərbaycanda mövcudluğunu böyük dövlətlər, eləcə də Rusiya qəbul etmək məcburiyyətində qalmışdı. Bunu Rusiya prezidentinin müxtəlif açıqlamalarından da aydınlaşdırmaq mümkün idi.
Kreml Şuşa Bəyannaməsindən narahat idi və Bakının Moskva ilə oxşar bəyanat imzalamasını istəyirdi. Rəsmi Bakı Rusiya ilə münasibətlərdə problem istəmirdi. Bakının Türkiyədən sonra Rusiya ilə “müttəfiqlik bəyanatı”nı imzalamaqda əsas məqsədi Qarabağda yerdə qalan problemlərin həllini sürətləndirmək idi. Azərbaycan bu ərəfədə Laçın dəhlizinə (keçmiş) alternativ yol tikməliydi ki, Laçın şəhəri və ətrafındakı kəndlərə nəzarət təmin edilsin.
Bundan başqa, həmin ərəfədə ermənilər bir sıra yaşayış məntəqələrini boşaltmalıydılar, separatçılar tərksilah edilməli və bütün Qarabağda Azərbaycan qanunlarının icrası təmin olunmalıydı. Bütün bunların reallaşması üçün Rusiya Azərbaycana mane olmamalı idi. Azərbaycan üçün müttəfiqlik bəyanatının əsl mahiyyəti bundan ibarət idi.
Müttəfiqlik bəyanatı imzalansa da, Rusiya hərbi kontingentinin Qarabağda separatçılarla birgə fəaliyyəti, separatçıların hərbi texnikalarını qorumaları Azərbaycanda narazılıq doğururdu.
Buna baxmayaraq, Rusiya 2023-cü il sentyabrın 19-da Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror tədbirlərinə mane olmadı. Bu baxımdan, Moskvada imzalanan müttəfiqlik bəyanatının Azərbaycana faydası oldu. Ancaq sazişin bütün bəndlərinin işlək olduğunu söyləmək mümkün deyil.
Məsələn, sənədin 13, 14 və 15-ci bəndlərində bunlar yazılıb:
“Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla, qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər. Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar”.
Bu bəndə görə, Azərbaycan Rusiyadan hərbi texnika almalıdır. Ancaq Azərbaycan son illər hərbi texnikanı tərəfdaş dövlətlər – Türkiyə və İsraildən alır. Demək, sazişdəki həmin bəndin yerinə yetirilməsi çətindir. Digər tərəfdən, Ukraynada müharibəni davam etdirən Rusiyanın özünün hərbi texnikaya ehtiyacı var. Bu vəziyyətdə Rusiyanın başqa ölkələrə silah və hərbi texnika satması mümkün deyil”.
Təhlildə bəyannamənin digər məqamlarına da diqqət çəkilir:
“Sənədin 32-ci bəndində qeyd edilib: “Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər”.
Bu bənddən belə çıxır ki, Rusiya Türkiyədə olduğu kimi, Azərbaycanda da atom elektrik stansiyası tikmək istəyir. Azərbaycana atom elektrik stansiyası lazımdırmı? Azərbaycan hökuməti alternativ – külək və günəş enerjisinə üstünlük verir.
Rəsmi Bakının Moskva ilə “müttəfiqlik bəyanatı”nı imzalamasında bir marağı da vardı. Azərbaycan Rusiya hərbçilərinin bir ildən sonra Azərbaycan ərazisini tərk etməsini istəyir. İki il əvvəl imzalanan müttəfiqlik sazişinə görə, Kreml Bakının istəyini yerinə yetirməlidir.
Saziş imzalanarkən Vladimir Putin İlham Əliyevlə görüşdə bunları demişdi:
“Qazaxıstan rəhbərliyinin xahişi ilə KTMT çərçivəsində Qazaxıstanı dəstəklədik. Bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə bütün silahlı qüvvələrimizi oradan çıxardıq”.
Bu o deməkdir ki, Rusiya Azərbaycan rəhbərliyinin Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsi istəyini yerinə yetirməlidir”.