İran Rusiyaya 400-dən artıq ballistik raket verib – 300-700 kilmetr məsafəni vurur…
İran ilin əvvəlindən Rusiyaya 400-ə yaxın ballistik raket verib.
Bu barədə “Reuters” agentliyinə İranın hərbi dairələrindəki altı mənbə məlumat verib. Onların sözlərinə görə, növbəti tədarüklər planlaşdırılır.
Rusiyaya göndərilən sürsatlardan biri “Fateh-110”sinifli yer-yer tipli raketlərdir. Onlar 300-700 kilometr məsafədəki hədəfləri vurmaq iqtidarındadırlar.
Mənbələrin bildirdiyinə görə, raket tədarükü yanvarın əvvəlində, Rusiya və İran hərbi və təhlükəsizlik xidmətlərinin nümayəndələri arasında keçən ilin sonunda Moskva və Tehranda baş tutan görüşlərdən qısa müddət sonra başlayıb. Raketlərin bir hissəsi Xəzər dənizindən keçməklə İrandan Rusiyaya gəmi ilə, digərləri isə təyyarə ilə çatdırılır.
“Reuters”in mənbələrindən biri, yüksək rütbəli İran rəsmisi agentliyə deyib: “Çatdırılmalar davam edəcək. Bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah tədarük etmək hüququmuz var”.
İran və Rusiya Ukraynada müharibə başlayandan sonra hərbi sahədə də daxil olmaqla əməkdaşlığı genişləndiriblər. Yanvarın ortalarında Rusiya Müdafiə Nazirliyi Tehranla hərbi-texniki əməkdaşlıq və regional təhlükəsizlik məsələləri sahəsində “böyük dövlətlərarası saziş” imzalamağa hazır olduğunu bəyan edib.
Ötən ilin dekabrında Rusiya və İranın xarici işlər nazirləri Moskvada keçirilən görüşdə sanksiyaların mənfi nəticələrinə qarşı mübarizə və kompensasiya vasitələri haqqında bəyannamə imzalayıblar.