İqtisadi artım hansı amilə əsaslansa yaxşıdır?

 

Pərviz Heydərov yazır…

Ölkə iqtisadiyyatında sabitlik və dayanıqlıq davam edir. Dövlət Statistika Komitəsinin (DSK) yanvar ayının yekunlarına dair açıqladığı rəqəmlər bu ilə uğurla başladığımızı sübut edir. İqtisadiyyat naziri Mikayıl Cabbarov da qeyd edib ki, ölkə iqtisadiyyatı 2024-cü ilə yüksək göstəricilərlə başlayıb.

Nazir ümumiyyətlə, iqtisadi artıma dair son illər ərzində yaranmış vəziyyətə nəzərən bildirib ki, neft-qaz hasilatının proqnoz ediləndən artıq enişi, həmçinin bu sahəyə dair dünya bazarlarında konyunktur şərait ÜDM-in nominal səviyyəsinə öz təsirlərini göstərməli idi və göstərib də… Nazir qeyd edib ki, son illər ərzində qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri nəticəsində iqtisadi artımda dayanıqlıq qorunub saxlanılıb.

“2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artıma malik olub”, – deyə M. Cabbarov əlavə edib.

DSK-nin məlumatına əsasən, yanvarda ölkədə 9 milyard 131 milyon manatlıq və yaxud ötən ilin eyni dövrünə nisbətən 5% çox ÜDM istehsal olunub ki, son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6% azalıb, qeyri neft-qaz sektorunda isə 12,3% artıb.
ÜDM istehsalının 41,9%-i sənaye, 10,5%-i ticarət, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,8%-i tikinti, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i informasiya və rabitə, 1,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8%-i digər sahələrin payına düşüb.

Bütün bunlar çox uğurlu göstəricilərdir. Xüsusən də ÜDM-in 5% artması göstəricisi…

2024-cü ilin yanvar ayı ərzində ölkəmizdən ümumi ixrac 1,8 milyard ABŞ dollar, qeyri-neft sektoru üzrəsə 222 milyon ABŞ dolları təşkil etməklə, ümumi ixrac 100 milyon dollar (ötən ilin yanvarında 1,9 milyard dollar olub), qeyri-neft sektoru üzrə ixracsa 62,5 milyon dollar (284,5 milyon dollar) azalıb. Yəni, konkret desəm, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22% az təşkil edib.

Üstəgəl 2024-cü ilin yanvarında qiymətlər 2023-cü ilin eyni ayına nisbətən 1,7% artıb ki, 2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2023-cü ilin dekabr ayı ilə müqayisədə 0,5%, yanvarla müqayisədə isə 1,7% təşkil edib.

Bu zaman qida məhsulları, içkilər və tütün məmulatları üzrə sözügedən rəqəm 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,1%, yanvar ayı ilə müqayisədə 0,7%, qeyri-qida məhsulları üzrə müvafiq olaraq 0,1% və 1,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrəsə 0% və 3,2% həddə malik olub.

Yəni, qeyd etmək istədiyim budur ki, iqtisadi artım fonunda ixracın azalması və inflyasiyanın davam etməsi vəziyyətin əslində yenə əvvəlki kimi kövrək xarakter daşıdığını göstərir. Düzdür, bu, cari ilə dair artım proqnozlarına xələl gətirmir. 2024-cü ildə ölkənin neft-qaz sektorunun 1,7% azalacağı təqdirdə, qeyri-neft-qaz sektorunun isə 4,6% artacağı proqnoz edilir.

Ümumiyyətlə, hökumətin gözləntisinə görə 2024-cü ildə ölkədə ÜDM üzrə artım 2,4% olmaqla 118,4 milyard manat, Mərkəzi Bankın (AMB) gözləntisinə görə isə 3-3,5%, o cümlədən qeyri-neft-qaz sektorunda 5-5,5% proqnozlaşdırılıb.

Ancaq şərt bunda deyil. ÜDM nisbi göstəricidir, ölkəmizdə neft hasilatı pik nöqtədə olan illərdə sözügedən göstərici ikirəqəmli təşkil edirdi. Hətta dünyanın aparıcı ölkələrində belə bizdə olan ÜDM göstəricisi qeydə alınmamışdı. Bunu həm də dünya bazarlarında qiymətlərin səviyyəsi də müəyyən edirdi. Hasilatın enməyə başlaması, həmçinin beynəlxalq qiymətlərin sabitləşməsi ÜDM üzrə həmin “hava şarını boşaltdı”.

Odur ki, bu ilin yanvarında qeydə alınan 5%-lik iqtisadi artım da qeyri-neft-qaz sektoruna əsaslansa da sırf istehsal amilinə söykənmir. Və bu da, hələ ki ciddi təəssüf doğurur. Əks halda ixrac azalmaz, əhaliyə göstərilmiş ödənişli xidmətlər əvvəlki ilin yanvarı ilə müqayisədə 3,2% artıq təşkil etməzdi. Yəni, bu rəqəmlər ciddi araşdırma tələb edir.

Sual olunur ki, ixrac niyə azalıb? Ümumi inflyasiya tempi fonunda xidmətlər üzrə qiymətlər niyə artıb?

Bu suallar həm də ona görə ciddi xarakter daşıyır ki, ölkədə sərmayə qoyuluşu azalır. Söhbət xüsusən, xarici sərmayə qoyuluşundan – investisiyadan gedir. Bu da iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olduğundan zəifləməklə əlavə fəsadlar yarada bilər. Ona görə də biz iqtisadiyyatın idarə olunmasında getdikcə kəmiyyət deyil, daha çox keyfiyyət üzrə hədəflənsək və yaxud fokuslansaq yaxşıdır.

Bu məsələnin mahiyyəti isə aşağıdakılardan ibarətdir:

1. ÜDM istehsalının yüksək rəqəmlərlə deyil, hər rüb və yaxud il ərzində cəmi 2% civarında artması kifayətdir. Əsas odur ki, artım xammal hasilatı və satışına deyil, istehsala söykənsin, özü də ən çox istehlak mallarının istehsalına;
2. İnflyasiya, ümumiyyətlə qiymətlərin yüksəlməsi və bahalaşma amili vacibdir, amma bir şərtlə ki, 3-4% civarında olsun. Bu zaman əsas təkanverici rolu idxal faktoru deyil, sırf daxili amillər, başqa sözlə desəm, iqtisadi artım oynamalıdır;
3. Neft və qaz sektoruna əsaslanan ixracımız azalır və azalmaqda davam edəcək ki, bunun fonunda sözügedən sektordan kənar ixracımız artmasa da belə, heç olmasa heç bir rüb və yaxud il ərzində azalmamalıdır;
4. Xarici investisiyalar azalmalı deyil, artmalıdır ki, xarici ticarətimiz genişlənsin…

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password