İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Kraliça Raca Zarit Sofiah ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Əminik ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqı bundan sonra daha yüksək tərəqqi və firavanlığa nail olacaqdır.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni yüksək zirvələrə çatdırmaq üçün fəaliyyətinizdə daha böyük uğurlar nəsib etməsini diləyirəm.
Malayziya ilə Azərbaycan Respublikası arasında çoxillik qardaşlıq münasibətlərinin və dostluq əlaqələrinin xalqlarımıza qarşılıqlı fayda gətirərək daha da möhkəmlənməsini arzu edirəm”.
15:50
Küveyt Dövlətinin Baş naziri Məhəmməd Sabah əl-Salim əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Fürsətdən istifadə edərək dost Azərbaycan xalqına göstərdiyiniz xidmətdə, ölkənizin tərəqqisi və rifahı istiqamətində fəaliyyətinizdə Zati-alinizə uğurlar arzulayıram. Xalqlarımız arasında mövcud olan sıx dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edərək, bu münasibətlərin ölkələrimizin mənafeyi naminə daha da inkişaf etdirilməsi ilə bağlı istəyimizi bir daha vurğulayıram.
Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı inkişaf və rifah arzulayıram”.
13:59
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə “Masdar” şirkəti adından ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.
Müdrik liderliyiniz və baxışınız sayəsində “Masdar” Azərbaycanın Energetika Nazirliyi ilə ölkənizdə təmiz enerjinin təşviqi istiqamətində birlikdə səylə çalışır. Azərbaycan bərpa olunan enerjinin istehsalında regionda lider olmaqda davam edir.
Bu tərəfdaşlığın əyani nəticəsi ötən ilin oktyabrında Azərbaycanın ilk xarici investisiyaya əsaslanan müstəqil sənaye miqyaslı birinci günəş elektrik stansiyası layihəsinin – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi ilə nümayiş olundu.
Prezidentliyinizin yeni dönəminə başlayarkən “Masdar” tərəfdaşlığımızı daha da gücləndirməyi, bununla da birlikdə ölkənin nəhəng təmiz enerji potensialını üzə çıxarmağı səbirsizliklə gözləyir.
Bu il Bakıda COP29-un keçiriləcəyini nəzərə alaraq biz Dubayda COP28-də qəbul edilmiş Birləşmiş Ərəb Əmirlikləri Konsensusunun müddəalarını yerinə yetirməyə, BƏƏ-nin və Azərbaycanın təmiz enerjinin, iqlim dəyişikliyi ilə mübarizənin təşviq olunmasına möhkəm sadiqliyini bütün dünyaya nümayiş etdirməyə ümidvarıq.
“Masdar” şirkətinin komandası COP29-dan faydalanaraq Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti ilə birlikdə yeni layihələrin, o cümlədən quruda 1 giqavat gücə malik bərpa olunan enerji layihələrinin və dəniz/yaşıl hidrogen istehsalı layihələrinin inkişaf etdirilməsində əməkdaşlıq edəcək.
Sizinlə Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında görüşməyi səbirsizliklə gözləyirəm”.