İrəvanın sülh təklifi – Hiylənin ucu görünür
Ermənistan – Azərbaycan şərti sərhədində son gərginlik fonunda Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bəyanat yayıb. O, Azərbaycanın Praqa razılaşmaları əsasında delimitasiya prosesini sürətləndirməsini təklif edib.
“Xatırladırıq ki, 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan və Ermənistan, 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq barədə yazılı razılığa gəlib və bu bəyannamə demarkasiya prosesinin siyasi əsası olacaq”, – deyə Badalyan bildirib.
Burada qeyd etmək lazımdır ki, Ermənistan tərəfinin istinad etdiyi 1991-ci il Alma-Ata Bəyannaməsi Ermənistan parlamenti tərəfindən Qarabağın Azərbaycanın tərkibində müəyyən edilməməsi şərti ilə ratifikasiya edilib.
Bu bəndə əsasən, MDB təkcə keçmiş sovet respublikaları üçün deyil, həm də Sovet İttifaqının mövcudluğunu dayandırması haqqında Bəyannamədən əvvəl (26 dekabr 1991) SSRİ-nin müstəqillik haqqında ümumxalq referendumları keçirmiş muxtariyyətləri üçün də qoşulmağa açıq olacaq. Belə ki, 13-cü maddənin ikinci abzası “SSRİ-nin bütün ölkələri üçün açıqdır” sözlərindən sonra aşağıdakı məzmunda əlavə edilsin: “o cümlədən SSRİ Ali Sovetinin SSRİ-nin mövcudluğunun dayandırılması haqqında” bəyannaməsi qəbul edilənə qədər SSRİ-nin müstəqilliyinin elan edilməsi ilə bağlı ümumxalq səsverməsi keçirən və bunun əsasında muxtar qurumun ali icra hakimiyyəti orqanının MDB-nin tərkibinə qəbul edilmək barədə müraciət edən qurumlar üçün də açıqdır”.
Erməni ekspertləri 1991-ci il dekabrın 21-də Alma-Ata Bəyannaməsinin qəbul edildiyini və dekabrın 10-da “DQR-in müstəqilliyi ilə bağlı referendumun” keçirildiyini əsas gətirərək, həmin vaxt Qarabağın “artıq Azərbaycanın tərkibində olmadığını” bildirirlər.
Beləliklə, Ermənistan parlamenti “Qarabağ müstəqil dövlət kimi MDB-yə daxil ola bilər” mesajını sənədə daxil edərək, Alma-Ata Bəyannaməsini ratifikasiya etmişdi. Buradan belə çıxır ki, Ermənistan Qarabağsız Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyib. Yəni Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığı heç bir hüquqi sənəd yoxdur.
Digər tərəfdən, “SSRİ-dən çıxma haqqında” qanunda muxtar vilayətə müstəqillik hüququ verən bir bəndin belə, olmadığını nəzərə alsaq, deməli, “DQR-in müstəqilliyi haqqında referendum” qanunsuz keçirilib.
Bundan əlavə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) özü artıq muxtar qurum kimi mövcud deyildi. Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Konstitusiyasına və Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına uyğun olaraq DQMV ləğv edilmişdi. Beləliklə, “SSRİ-dən çıxmaq haqqında” qanunun müddəaları artıq Azərbaycan Respublikasının bu ərazisinə şamil edilmirdi.
Amma iş ondadır ki, Ermənistan tərəfi yuxarıdakı faktları dilə gətirmir, sadəcə olaraq bildirir ki, İrəvan və Bakı Alma-Ata Bəyannaməsini imzalamaqla bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb və buna görə də Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir.
Yalnız yuxarıda qeyd etdiyimiz bəndi ləğv etməklə Ermənistan iddia edə bilər ki, MDB-yə qoşulmaqla və 1991-ci ildə Alma-Ata Bəyannaməsini imzalamaqla Qarabağ bölgəsinin də daxil olduğu Azərbaycan Respublikasının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb. Bunsuz Ermənistanın Praqa razılaşmaları əsasında delimitasiya prosesinin sürətləndirilməsi ilə bağlı irəli sürdüyü təklif sağlam məntiqdən uzaq görünür./ayna.az