Azərbaycan XİN Paşinyana cavab verib: Beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirir
Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə N.Paşinyanın Münxendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Ermənistan baş nazirinin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, XİN rəsmisi bildirib ki, göründüyü kimi, N.Paşinyan Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir: “Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan, Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir.
Ermənistan Baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir.
Ermənistan tərəfinin guya Azərbaycanın üçtərəfli bəyanatı pozduğu iddiasına gəldikdə bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xəttlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur.
Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”.