İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Çox hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə sizi təbrik edirəm.
Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır.
Sizinlə Münhen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam.
Ali dövləti fəaliyyətinizdə sizə uğurlar arzulayıram”.
14:25
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və vəzifənizi icra etməyə başlamağınız münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi adından səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bu fürsətdən istifadə edərək BMT-nin Azərbaycandakı nümayəndəliyinin 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinə uyğun olaraq Azərbaycanın dayanıqlı inkişafla bağlı milli prioritetlərini dəstəkləməyə davamlı sadiqliyini bildirirəm. Biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsində Azərbaycana dəstəyimizi təklif edirik.
Azərbaycan Respublikası hökuməti və BMT-nin Azərbaycandakı nümayəndəliyi arasında tərəfdaşlıq və əməkdaşlığın bundan sonra da davam edəcəyinə inanıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Bundan başqa, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç də dövlətimizin başçısına təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Bosniya və Herseqovinanın vətəndaşları adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti seçkisində qələbəniz münasibətilə təbrik edirəm.
Uzun illərdir ki, ölkələrimiz arasında səmimiyyət və dostluq üzərində qurulmuş münasibətlər yaxşı əməkdaşlıqla səciyyələnir. İkitərəfli münasibətlərin ümumi maraq doğuran bütün sahələrdə bundan sonra da dostluq ruhunda inkişaf edəcəyinə inandığımı, ölkələrimizin və xalqlarımızın rifahı naminə tərəfdaşlığın qorunub saxlanmasına və genişləndirilməsinə sadiq qaldığımı bildirirəm. Bu xüsusda mən Sizinlə yeni görüşlərimizi və əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən xoş arzularımı və ehtiramımı bildirirəm”.
11:47
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Sizi ölkənizdə keçirilmiş prezident seçkisində qazandığınız qələbə münasibətilə Bosniya və Herseqovinanın vətəndaşları, Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Qarşıdakı dövrdə tərəfdaşlıq və dostluq münasibətlərinə söykənən əməkdaşlığımızın davam etməsini və sizin Bosniya və Herseqovinaya səfəriniz zamanı imzaladığımız iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin həyata keçirilməsini səbirsizliklə gözləyirəm.
Möhtərəm Prezident, sizi seçkidəki inamlı qələbəniz münasibətlə bir daha təbrik edir, sizə, ailənizə və Azərbaycan Respublikasının vətəndaşlarına xüsusi ehtiramımı bildirir, möhkəm cansağlığı və yeni uğurlar arzulayıram”.
11:37
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Seçkidə inamlı qələbəniz, yenidən Prezident seçilməyiniz münasibətilə Konqo xalqı və dövləti adından, şəxsən öz adımdan sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm.
Bu baxımdan, ölkələrimiz üçün faydalı maraqlara uyğun olaraq münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində Zati-alinizlə birgə işləməyə hazır olduğumu bir daha bildirirəm.
Sizə uzun ömür, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.
Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.