Bakı deyir, istədiyimi verin, yoxsa… – Paşinyan

 

Azərbaycan dialoq yolu ilə əldə edə bilmədiyi şeylərə nail olmaq üçün hərbi müdaxilə təhlükəsindən istifadə edir.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, Nerkin-Hand kəndi yaxınlığında baş vermiş son hadisə Azərbaycanın “destruktiv siyasəti”nin növbəti təzahürü idi:

“Bu, Azərbaycanın Ermənistana qarşı hərbi zorakılıq məqsədlərinin dəyişməz qaldığını göstərir. Bizdə belə bir təəssürat yaranır ki, Azərbaycan sərhədlərin sabitliyi və təhlükəsizliyi məsələsinə biganədir. Belə düşünmək üçün kifayət qədər əsaslar var. Xüsusilə, 2022-ci ildə razılıq əldə olunub ki, sərhədlərin delimitasiyası komissiyalarının vəzifələrinə sərhəd təhlükəsizliyi məsələləri də daxil edilsin. Ermənistan sərhədlərin delimitasiyası və təhlükəsizlik məsələləri üzrə komissiya yaratdığı halda, Azərbaycan təhlükəsizlik komponentini daxil etmədən sərhədlərin delimitasiyası üzrə komissiya ilə məhdudlaşıb. Bu və digər faktlar göstərir ki, Azərbaycan belə bir yanaşma tutur: “Danışıqlar yolu ilə istədiyimi verin, əks halda zorla alacam”.

Erməni baş nazir onu da bildirib ki, daim 4 kənddən danışan Azərbaycan 31 erməni kəndinin “mühüm ərazilərinin işğalını” tamamilə unudur:

“Ermənistan eyni zamanda konstruktiv yanaşma nümayiş etdirərək Azərbaycanla sərhədin yerdə müəyyənləşdirilməsini və qoşunların çıxarılmasının həyata keçirilməsini təklif edib”.

Qeyd edək ki, bu, Ermənistan Baş naziri Paşinyanın yenə qeyri-konstruktiv mövqe sərgiləməklə, Azərbaycanı aqressor kimi göstərib, beynəlxalq təzyiqə nail olmaq istəyini davam etdirdiyini göstərir. Belə ki, Nerkin-Hand kəndi yaxınlığındakı mövqelərindən Azərbaycan əsgərini snayper atəşi ilə yaralayan və aylar sonra sərhəddəki atəşkəsi pozan Ermənistan olub, DSX yalnız cavab verib.

Digər tərəfdən, Ermənistan Azərbaycana aid kəndləri qaytarmamaq üçün artıq 3 ildən çoxdur müxtəlif bəhanələr gətirir. Halbuki Qazaxın 7, Naxçıvanın 1 kəndinin Ermənistan işğalı altında qaldığını Paşinyan özü belə təsdiqləyib və bu kəndlərin Ermənistanın “29,8 min kv.km ərazisinə daxil olmadığını” elan edib. Belədə kəndləri geri qaytarmaq əvəzinə müxtəlif bəhanələr gətirmək riyakarlıq və işğalı davam etdirmək cəhdidir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password