Senat Ukraynaya 60 milyardlıq yardımı təsdiqlədi – “Senatın qərarı Putini peşman edəcək…”
Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarovanın “Faceboo”k sosial şəbəkəsində verdiyi məlumata görə, bütün prosedur səsvermələrdən və bütün gecə davam edən 6 saatdan çox çıxışlardan sonra Senat yekun səsvermədə ABŞ-nin beynəlxalq yardımı haqqında HR 815 saylı qanun layihəsini dəstəkləyib. Qanun layihəsi Ukrayna, (60.06 milyard dollar), İsrail və Tayvana yardımı nəzərdə tutur.
“Unian.net” xəbər verir ki, müvafiq qərarı 70 senator dəstəkləyib, 29-u isə əleyhinə çıxıb. Qanun layihəsi indi Nümayəndələr Palatasına (Konqresin aşağı palatası) təqdim olunacaq.
“NBC News”-un məlumatına görə, Senatda demokratlardan başqa 22 respublikaçı bu qanun layihəsinin lehinə səs verib. Senat çoxluğunun lideri Çak Şumer səsvermədən sonra deyib ki, Senatın qərarı Rusiya Prezidenti Vladimir Putini “Amerikanın qətiyyətini şübhə altına aldığı günə” peşman edəcək. “Və NATO müttəfiqlərimizə aydın ikitərəfli mesaj göndəririk. Senatda aldığımız bu güclü ikitərəfli dəstəklə, bu səsvermə ilə, mən inanıram ki, spiker Conson bu qanunu Nümayəndələr Palatasının zalına çıxarsa, o, qəbul ediləcək. Eyni dərəcədə güclü ikitərəfli təsdiqlə”.
Ukrayna Prezidenti Volodimir Zelenski demokratlara və respublikaçılara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Bu barədə dövlət başçısı X şəbəkəsində (keçmiş Twitter) məlumat verib. Eyni zamanda, günortadan sonra ukraynalılara müraciətində Zelenski ABŞ Senatının Ukraynanın çox çalışdığı ilk addımı təsdiqlədiyini söyləyib. “Yalnız bizim deyil, bir çox başqa insanların, xüsusən də Avropanın gözlədiyi bir qərar. Güclü olmağa davam etmək, insanların həyatlarını qorumaq və azadlığı qorumaq üçün Amerika rəhbərliyinə ümid bəsləyən dünya. Bu, həqiqətən də özünə inam və motivasiya verir”, – Zelenski bildirib.
Dövlət başçısı ABŞ Konqresinin Nümayəndələr Palatasından da analoji qərar gözlədiyini bildirib. O, əmindir ki, demokratiya mütləq yaşayacaq. “Bu, ilk addım idi, daha sonra Nümayəndələr Palatası, oradakı konqresmenlərin səsi. Biz müsbət qərar gözləyirik. Biz fundamental dəstəyə ümid edirik. İnanırıq ki, Amerika lider olaraq qalmağa davam edəcək”, – Zelenski vurğulayıb.
Ukrayna Prezidenti Senatda demokrat çoxluğun lideri Çak Şumerə, respublikaçı azlığın lideri Mitç Makkonnelə və “azadlıq, demokratiya və hamımız üçün böyük əhəmiyyət kəsb edən dəyərlər uğrunda mübarizəmizdə Ukraynaya davamlı yardımı dəstəkləyən bütün ABŞ senatorlarına minnətdarlığını bildirib.
“Ukraynada bizim üçün ABŞ-nin gələcək köməyi insan həyatlarını Rusiya terrorundan xilas etməyə imkan verir. Bu o deməkdir ki, şəhərlərimizdə həyat davam edəcək və müharibə üzərində qələbə çalacaq”, – Zelenski vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, Amerika yardımı Ukraynada ədalətli sülhü yaxınlaşdırır və qlobal sabitliyi bərpa edir ki, bu da bütün amerikalılar və bütün azad dünya üçün daha böyük təhlükəsizlik və firavanlığa töhfə verəcək. /azpolitika.info