İrəvan vaxtı uzadır, möcüzə gözləyir, Bakı isə tələsir…

 

Ermənistan-Azərbaycan sərhədində son eskalasiya bir daha nümayiş etdirir ki, tərəflər münaqişə ilə bağlı səhifəni bağlamaq fikrindən son dərəcə uzaqdır və problemin yeganə səbəbi Qarabağ işi deyil.

Bunu rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib.

“Mövcud gərginliyin sistemli səbəblərini müəyyən etmək son dərəcə vacibdir. Bütün sual ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında münaqişə təkcə Qarabağ formatı ilə məhdudlaşmır, daha geniş xarakter daşıyır. Əks halda, keçən ilin sentyabr eskalasiyasından sonra məsələ bağlanardı. Görünür, məsələnin bağlanması hələ çox uzaqdır, qarşıda delimitasiya və demarkasiya məsələsi durur, bu, hər bir dövlət üçün əsasdır. Bu məsələ barədə qərar olmadan sülh müqaviləsi kağız olaraq qala bilər. Və burada tərəflər arasında fikir ayrılıqları bitmir, davam edir”, – o bildirib.

Markedonov tərəflərin sülh sazişi istiqamətində müxtəlif irəliləyiş templərinə malik olduğuna diqqət çəkir:

“Danışıqlar prosesinin özü artıq sövdələşməyə oxşamır, Ermənistan birtərəfli güzəştlərə gedir, eyni zamanda bu prosesi uzatmaq istəyir. İrəvan ümid edir ki, kənardan hansısa bir dəstək əldə edib, müəyyən mərhələdə böyük və güclü biri vasitəsilə ilə tələsməyən Azərbaycana təsir edəcək. Ermənistan rəhbərliyinin məntiqi belədir: köhnə status-kvo əsasən Rusiyanın passivliyi ucbatından pozulub, daha effektiv müttəfiq-tərəfdaşlar tapmaq lazımdır. Paşinyan son müsahibələrində tez-tez “diversifikasiya” sözünü təkrarlayır. Bununla belə, onun hansısa kompensasiya mexanizmi tapa biləcəyi şübhəlidir. İstər AB-nin monitorinq qrupunun fəaliyyəti (oxu: fəaliyyətsizliyi), istərsə də fransız vədləri aydın təminat və alətlər olmadan bu tezisin (alternativ müttəfiqlər haqqında – red.) ən yaxşı sübutudur. Nəticə: Bakı tələsir və məsələlərin tam həllini istəyir, İrəvan öz vaxtını uzadır, dayandırır, az qala möcüzəyə ümid edir. Ümid sonda ölür.

Rusiya faktoruna gəlincə, İrəvanın beynəlxalq aləmdə o qədər də effektli olmayan hərəkətləri, Qərbin daha da xoşagəlməz addımları (Rusiyanın maraqları nöqteyi-nəzərindən) Moskvada müəyyən bir küskünlük kompleksi yaratmamalıdır. Duyğular ümumiyyətlə pis məsləhətçidir. Ermənistandan inciyib Azərbaycana tərəf getmək ən kreativ ideya deyil. Ən azından ona görə ki, Bakının da Qərbə öz pəncərə və qapıları var. Hazırkı eskalasiya isə əsasən sülh prosesindəki sistemli problemlərin nəticəsidir”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password