Azərbaycanın “Akıncı”-ları Ermənistanda təşviş yaradıb – – Rəsmilər ictimai rəyi sakitləşdirməyə çalışır

 

“Bu gün Ermənistanın təkcə Hindistan və Fransa ilə deyil, həm də hərbi-texniki sahədə ciddi irəliləyiş əldə etmiş digər ölkələrlə hərbi-texniki əməkdaşlıq və silah əldə edilməsinə dair çox ciddi razılaşmaları var”. 

Bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komitəsinin sədri Armen Xaçatryan yerli mətbuata müsahibəsində deyib.

Hakim partiyanı təmsil edən deputat vurğulayıb ki, müharibədən sonra silah alışı və hərbi-texniki əməkdaşlıq sahəsində boşluq yaranıb. Ancaq vəziyyət kifayət qədər çətin olsa da, bu məsələ təəccüblü dərəcədə qısa müddətdə öz həllini tapıb.

“Hər halda, bu gün bizim Hindistan və Fransa ilə hərbi-texniki əməkdaşlıq, silahların əldə edilməsi ilə bağlı ciddi razılaşmalarımız var. Deməliyik ki, hərbi-texniki sahədə yaxşı nailiyyətləri olan böyük dövlətlərlə müqavilələrimiz var. Təbii ki, biz bu barədə danışmayacağıq, deməyəcəyik, ancaq bu, təkcə Fransa və Hindistan deyil”, – deyən hakim partiyanın deputatı son bir-iki ildə “daha böyük həcmdə iş aparıldığını” bildirb və “bunun nəticələrini yaxın gələcəkdə görəcəyik”, – deyə əlavə edib.

Xaçatryan onu da vurğulayıb ki, Ermənistanın Rusiya ilə ciddi hərbi-texniki qarşılıqlı əməkdaşlıq sazişləri var və Rusiyanın qismən yerinə yetirdiyi və yerinə yetirməli olduğu öhdəliklər var.

“Biz ən müasir, ən azı dördüncü-beşinci nəsil silah sayıla biləcək silahlar alırıq. Biz istifadə edilmiş silahları almayacağıq. Yəni, müasir müharibələrin taktikasını öyrənməklə biz həm də ciddi təhlillər aparırıq. Həm də 44 günlük müharibənin acı təcrübəsindən bilirik ki, hansı silahlara ehtiyac var və onu satmağa hazır olan ölkələr hansılardır. Bizə o silahları almaq üçün şübhəsiz ki, o ölkələrlə əməkdaşlıq edirik”, – deputat bildirib.

Xatırladaq ki, ötən gün Müdafiə naziri Suren Papikyan da bəyan edib ki, Ermənistan silah tədarükündə irəliləyiş əldə edib.

“Fransa və Hindistan bizim əsas tərəfdaşlarımıza çevriliblər, lakin mənim adlarını çəkmək istəmədiyim başqa ölkələr də var”, – nazir bildirib.

Qeyd edək ki, Azərbaycan öz hərbi arsenalını İsrail və Türkiyənin inkişafda olan hərbi sənaye kompleksinin ən müasir silahları ilə yeniləyir. Ölkənin müdafiə qüdrəti bu və başqa ölkələrin 5-ci nəsil sayılan yüksək texnoloji hərbi avadanlıqları ilə artırılır.


Ötən həftə Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş Türkiyənin məşhur “Akıncı” pilotsuz təyyarələri ilə tanış olub və onu idarə edib.

Ola bilsin ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin bu sayaq bəyanatları Azərbaycanın güclənməsinin qarşılığında daxili ictimai rəyi sakitləşdirmək məqsədi daşıyır. Hər halda Ermənistan müttəfiqləri tərəfindən dəstəklənsə də onun Azərbaycanla silahlanma yarışı aparmaq üçün maliyyə və hərbi əlaqələr potensialı çox aşağıdır. İrəvan Rusiya hərbi sənaye kompleksindən asılıdır və uzun illər ərzində topladığı hərbi texnikanın əhəmiyyətli hissəsi Azərbayanla müharibədə məhv edilib. Hərbi ekspertlər bu itkilərin miqyasını 4 milyard dollardan artıq dəyərləndirirlər.

Ermənistanın bu boşluğu yaxın illərdə inkişaf etmiş Qərb ölkələrinin və Hindistan hərbi sənayesinin “yüksək texnologiyalı” avadanlıqları və texnikası ilə doldurması real deyil. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password