Gərginlik artır: Azərbaycan hədəfə alındı – “Nəticəsi ağır olacaq”
Şərti sərhəddəki son insident Ermənistan Baş naziri Nikol Paşinyanı Azərbaycanla qısa müddətdə sülh sazişini imzalamağa həvəsləndirməlidir.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistanın son təxribatlarının arxasındakı məqamlara diqqət çəkib:
“Paşinyan açıqlamalarının birində demişdi ki, orduda “5-ci kolon” var. Aydındır ki, bunu deyəndə Rusiyanı nəzərdə tutub. Paşinyan təhlükəsizlik sahəsində nə qədər Qərbə yaxınlaşmaq istəsə də, ordusunun zabit heyəti sovet və Rusiya hərbi məktəb və akademiyalarının məzunlarıdır. Üstəgəl, bu heyətin bir hissəsi Rusiya hərbi kəşfiyatına bağlıdır. Odur ki, həmin zabitlər Moskvadan gələn istənilən əmri yerinə yetirə bilərlər.
Azərbaycan hərbçilərinə atəş açılması da onların tərxibatına oxşayır. Burada məqsəd bölgədə vəziyyəti gərginləşdirmək və Paşinyanın mövqelərini zəiflətməkdir.
Azərbaycan üçün Ermənistan ordusunun kimlərə tabe olmasının fərqi yoxdur, istəyir Rusiya və ya istəyir Paşinyan olsun, təxribata adekvat cavab veriləcək. Əslində, son təxribat Paşinyanı ciddi düşündürməlidir. Birincisi, həmin silahlar bir gün onun hakimiyyətinə də tuşlanacaq. İkincisi, baş nazir tərxibatın arxasındakı gücləri neytrallaşdırmağa çalışmalıdır. Əks halda bu, özü və ölkəsi üçün daha ağır nəticələrə yol açacaq”.
Elxan Şahinoğlu hesab edir ki, son insident Paşinyanı Azərbaycanla qısa müddətdə sülh sazişini imzalamağa da həvəsləndirməlidir:
“Sülh müqaviləsinin imzalanması yubandıqca, Ermənistan ordusundakı təxribatçılar Paşinyana başqa problemlər də yaradacaq”.