Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinin təşəbbüskarı Fransa kəşfiyyatıdır – Sergey Markov
Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinin təşəbbüskarı Fransa kəşfiyyatıdır.
Bu barədə Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov özünün “Telegram” kanalında yazıb.
“Ermənistan və Azərbaycan orduları arasında yeni gərginlik və zərbələr mübadiləsi. Niyə? Axı hər iki tərəf sülh sazişi imzalamaq istəyir.
Ermənistan ordusu Avropa İttifaqının missiyasının olduğu rayondan zərbələr endirib. Ola bilsin ki, zərbələr mübadiləsinin təşəbbüskarı Fransa kəşfiyyatıdır. Axı Makron Ermənistanın əsas hərbi müttəfiqi olmaq və beləliklə, Rusiyanı bu mövqedən çıxarmaq istəyir. Buna görə də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlardan əsas yararlanacaq olanlar Fransa, Aİ və NATO-dur”, – nəşrdə deyilir.
Qeyd edək ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.
Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
“Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd olunub.