Qərbdə Ukraynadan bezdilər – Rusiyaya münasibət dəyişməyə başladı
Avropa liderlərinin Rusiyanın NATO ilə birbaşa müharibə təhlükəsinin artması ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, son bir ildə orta statistik avropalılar Rusiyadan daha az qorxurlar.
Bu barədə Münxen Təhlükəsizlik Konfransında təqdim olunan “Münxen Təhlükəsizlik İndeksi” hesabatında deyilir.
Ötən payızda aparılan sorğu göstərir ki, bir çox Qərb ölkələrinin sakinləri üçün Rusiya artıq “təhlükələr siyahısı”nda birinci yerdə deyil.
Sənəddə qeyd olunur ki, Ukrayna ilə müharibə fonunda Rusiyadan nüvə silahı və təbii qazla bağlı təhdidlər azalıb.
Dəyişiklik xüsusilə Almaniyada nəzərə çarpır. Bir il ərzində almanların düşüncəsində Rusiya “əsas təhlükələr siyahısı”nda birinci pillədən yeddinci yerə düşüb. Əvəzində müharibələr və iqlim dəyişikliyi səbəbindən “kütləvi köç”, “radikal İslam terrorizmi” və “kiberhücum” kimi “təhlükələr” ilk yerləri tutur. Fransa vətəndaşları da oxşar fikirdədirlər. İtaliyada Rusiya “əsas təhlükələr siyahısı”nda 12-ci yerdədir. ABŞ-də bu rəqəm 4-dür.
Böyük Britaniya və Yaponiya bu tendensiyadan kənardadır. Rusiya bu ölkələrdə “əsas təhlükələr siyahısı”nda hələ də birinci pillədədir. Bunun əksinə olaraq Çin, Hindistan və CAR-da əhali Rusiyaya təhlükə yox, müttəfiq kimi baxır. Braziliya qərarsızdır, orada Rusiyaya münasibət birmənalı deyil.
Eyni zamanda, sorğu Qərbdə Ukrayna ilə bağlı bezginliyi də üzə çıxarıb. G-7 qrupuna daxil olan ölkələrdə Ukraynaya yardımın davam etdirilməsi, ağır silahların tədarükü və ya Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə əlaqədar ictimai dəstək azalır.