“The Times” Zalujnının vəzifəsinin itirməsinin səbəblərini açıqlayıb
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Ukrayna prezidenti Volodimir Zelenskinin Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etmək planlarından narazı qalıb.
Bu barədə Britaniyanın “The Times” qəzeti adı açıqlanmayan mənbələrə istinadən yazıb.
Nəşr yazıb ki, yanvarın 31-də Kiyevə səfəri zamanı Nuland Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşüb. Görüşdə nazir Nuland və ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brinkə izah edib ki, Zelenskinin ofisi Zalujnının 2024-cü il üçün hərbi kampaniyası üçün planlar təqdim etməməsindən narazıdır.
Umerov həmçinin iddialara görə, Zalujnıy prezidentin sərəncamlarına və ictimai bəyanatlarına skeptisizmlə reaksiya verib, onları qeyri-real hesab edib və Müdafiə Nazirliyini bu prosesdən kənarlaşdıraraq, silah tədarükü ilə bağlı müttəfiqlərlə birbaşa danışıqlar aparıb.
Qəzetin mənbələrinə görə, Nuland görüşdə prezident və Baş Komandan arasında fikir ayrılıqlarını aradan qaldırmağı təklif edib. Bu isə öz növbəsində Ukrayna prezidentinin suveren hüququ olan qərara qarışmamaq barədə Ağ Evin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.
Məqalədə hərbi mənbələrə istinadən qeyd edilib ki, Zelenski əvvəlcə Zalujnıdan istefa ərizəsini yanvarın 29-da təqdim etməyi xahiş edib, lakin o, bundan imtina edib. Bundan sonra dövlət başçısı Zalujnının vəzifəsindən azad edilməsi ilə bağlı fərman imzalamaq niyyətində olub. Lakin xəbərlər mətbuata sızdığı üçün bunu etməyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad edib. Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı vəzifəsinə Oleksandr Sırski təyin edilib.