İcbari tibbi sığorta prosesi çox ciddi problemlərlə üz-üzədir – Azər Mehtiyev
Azərbaycanda bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanmasından 3 ilə yaxın vaxt keçir. Qeyd edək ki, proses 2021-ci il aprelin 1-dən başlayıb. Buna qədər isə bu proses uzun müddət pilot layihə olaraq reallaşdırılıb.
Son vaxtlar icbari tibbi sığorta ilə bağlı şikayətlər artmaqdadır. Artıq vəziyyət o həddədir ki, səhiyyə sahəsində fəaliyyət göstərən insanlar, həkimlər, tibb işçiləri belə narazılıq edirlər. Bu günlərdə tanınmış həkim Aydın Əliyev sosial şəbəkə hesabında paylaşım edərək,vətəndaşın sığorta ilə dövlət xəstəxanalarında analiz verə bilmədiyini, məcbur olub özəl xəstəxanaya üz tutduğunu bildirmişdi. Həkim qeyd etmişdi ki, Respublika Endokrinoloji Mərkəzdə, 6 və 7 saylı uşaq xəstəxanalarında xəstəyə “reaktiv yoxdur” deyib analizini qəbul etməyiblər. Oxşar halla bağlı Mingəçevir şəhər sakini Elxan Rəşidov da şikayət idi. O da Mingəçevir Şəhər Xəstəxanasında reaktivlərin olmaması ucbatından analiz verə bilmədiklərini yazıb. Bu cür şikayətlərin sayı durmadan artır. Bu, nəyə dəlalət edir? Azərbaycanda icbari tibbi sığortanın tətbiqində hansı qüsurlar var? Ümumi durum necədir?
Məsələ ilə bağlı danışan ekspert Azər Mehtiyev bildirdi ki, icbari tibbi sığortanın tətbiqinin səmərəliliyi özünü bu tezliklə göstərə bilməz: “Bu, ciddi bir sosial-iqtisadi islahatdır. Təbii ki, proseslərin nə qədər şəffaf getdiyini öyrənmək üçün araşdırmalara ehtiyac var. Təəssüf ki, belə bir araşdırmalar aparılmayıb. Amma müşahidələr əsasında bəzi məqamları dəyərləndirmək mümkündür. 2016-cı ildən pilot layihə olaraq reallaşdırılan bu prosesin ölkə boyu tətbiqinə start veriləndə “pilot layihədən nə əldə olunmalı idi” sualı açıq qalmışdı. Çünki bu cür islahatlarda pilot layihənin məqsədi islahatlar ölkə boyu tətbiq olunduqda hansı problemlər ortaya çıxa bilər, bu problemlərin həlli istiqamətində olan risklər nədən ibarət ola bilər, bu risklərin azaldılması istiqamətində hansı addımlar atılmalıdır və s. bu kimi suallara cavab tapmaqdır. O vaxtı pilot layihə ilə bağlı bir hesabat ortaya qoyulmadı. Bizi nələr gözləyir, hansı risklər ola bilər sualının cavabı verilmədi”.
A.Mehtiyevin sözlərinə görə, icbari tibbi sığortanın tətbiqinin pandemiya dövrünə təsadüf etməsi həm təşkilatçıların işini xeyli çətinləşdirdi, həm də onlara üzləşdikləri çətinliklər və idarəetmədə yaranan problemlərin məsuliyyətindən qaçıb, pandemiyanın üzərinə atmaq fürsəti verdi: “Bu baxımdan, pilot layihənin həyata keçirilməsinə rəğmən belə, Azərbaycan icbari tibbi sığorta islahatlarının aparılmasına hazır idimi sualı ətrafında bir qənaətə gələ bilmirik. Son illər xüsusilə həm də həkimlər arasında maarifləndirmə işinin aparılmaması, icbari tibbi sığorta işini onlarla bir yerdə reallaşdırmaq istiqamətində zəruri addımların atılmaması ona gətirib çıxardı ki, sanki bir qrup islahatçı bu prosesi reallaşdırmağa çalışır, amma həkimlər bunun əleyhinədir. Halbuki bu ölkə miqyaslı çox önəmli sosial islahatın həyata keçirilməsi üçün ilk növbədə həkimlərlə çox ciddi şəkildə iş aparılmalı idi, onların bu prosesi dəstəkləməsinə nail olunmalı idi. O cümlədən vətəndaşlarla bu iş aparılmalı idi. Əslində məsələ yalnız həkimlərin və xəstələrin məmnuniyyəti məsələsi deyil. Bu istiqamətdə biz narazı olanlarla yanaşı, müəyyən məmnun qalanları da görə bilirik. Bu tərəflərin fikirləri əsasında rəy söyləmək çətindir. Bu istiqamətdə ciddi araşdırmalara ehtiyac var. Müşahidələr onu göstərir ki, proses çox ciddi problemlərlə üz-üzədir. Əslində faktiki olaraq ciddi dəyişikliklər də yoxdur. Sadəcə müəyyən maliyyə ilə, idarəetmə ilə bağlı dəyişikliklər edildiyi görünür. Ancaq bunun nə dərəcədə keyfiyyət dəyişikliyinə gətirdiyini söyləmək çətindir. Sizin qoyduğunuz suala gəlincə, bu, daha detallı monitorinqlərin, qiymətləndirmənin aparılmasını tələb edir. Təəssüf ki, bu da yoxdur. İcbari Tibbi Sığorta üzrə Dövlər Agentliyi bu cür qiymətləndirmələrə müstəqil ekspertləri cəlb etməlidir. Mən hələ ki, nə qurumun saytında normal qiymətləndirmə, yaxud təhlil nəticələri görmüşəm, nə də hansısa müstəqil ekspertin qiymətləndirməyə cəlb olunduğunun şahidi olmuşam”./afn.az