Azərbaycanda seçkiqabağı “sükut günü” başlayıb
Azərbaycanda fevralın 7-ə təyin edilmiş Prezident seçkilərində namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt başa çatıb.
Bu gün Azərbaycanda seçkiqabağı “sükut günü” elan olunub.
Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”na əsasən, seçkiqabağı təşviqatın aparılması müddəti başa çatıb.
Təqvim planında qeyd olunur ki, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2024-cü il yanvarın 15-də başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni fevralın 6-sı saat 8.00-da dayandırılır.
Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən aparıla bilər.
Qeyd edək ki, fevralın 7-də seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
MSK tərəfindən prezidentliyə 7 nəfər qeydiyyata alınıb – hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.