Azərbaycan AŞPA-ya nə vaxt qayıdacaq? – Şərtlər bəlli oldu

 

Prezident İlham Əliyev Azərbaycan nümayəndə heyətinin AŞPA-da hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacağını bildirib. Bu o deməkdir ki, Strasburqda məsələ müsbət həll olunmasa, Azərbaycan Avropa Şurasının digər strukturlarını da tərk edəcək. Avropa Şurası rəhbərliyinin vaxtı azdır, Azərbaycanı itirmək və ölkəmizin Avropadan uzaqlaşmasını istəmirlərsə, AŞPA-da ölkəmizin səsvermə hüququnun bərpasını təmin etməlidirlər.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Bəs bu mümkündürmü?

Mərkəzin ekspertləri xatırladırlar ki, Rusiya Krımı ilhaq etdikdən sonra AŞPA bu ölkəni səsvermə hüququndan məhrum etmişdi:

“Bundan sonra Moskva açıqlama verərək, Rusiya nümayəndə heyətinin səsvermə hüququ bərpa olunmayana qədər bu təşkilata üzvlük haqqını ödəməyəcəyini bildirdi. Rusiya AŞPA büdcəsinin 10 faizini ödəyirdi, bu, 33 milyon avro demək idi. AŞPA vəziyyətdən çıxış yolu axtararaq 2019-cu ildə maraqlı qətnamə qəbul etdi. Həmin qətnaməyə görə nümayəndə heyətlərinə sanksiya tətbiqi mexanizmi çətinləşdirildi. Bu, Rusiya nümayəndə heyətinin təşkilata qayıdışını təmin etməli idi. Amma barışıq uzun çəkmədi. AŞPA-nın qərarından iki il sonra Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə bu ölkənin AŞPA-da üzvlüyünə son qoydu. Yəni iki il əvvəl Rusiya Ukraynaya qarşı müharibəyə başlamasaydı, Avropa Şurasında üzvlüyünə davam edəcəkdi. Bu o deməkdir ki, maraqlardan asılı olaraq, AŞPA öz qərarlarını dəyişmək imkanına malikdir.

Azərbaycanla bağlı səsvermədə AŞPA-nın 46 üzv ölkəsinin 306 deputatından cəmi 90 nəfəri iştirak edib, bunun da 76-sı ölkəmiz əleyhinə səs verib. AŞPA-dakı deputatların əksəriyyətinin Azərbaycanla problemi yoxdur. AŞPA-nın növbəti sessiyasında dost və tərəfdaş ölkələrin bir qrup deputatının Azərbaycana səsvermə hüququnun qaytarılması məsələsini yenidən gündəmə gətirməsi nəzəri cəhətdən mümkündür. Ancaq bu, iki halda mümkündür. Birincisi, AŞPA rəhbərliyi Azərbaycanın qurumdan uzaqlaşdırılmasının təşkilat, ümumiyyətlə, Avropa üçün zərərli olduğunu anlayaraq, məsələyə yenidən baxılmasında maraqlı olmalıdır. İkincisi, Məclis rəhbərliyi və parlamentimizdəki Avropa dövlətləri ilə dostluq qruplarının rəhbərləri və üzvləri fəallıqlarını artıraraq, Azərbaycanın səsvermə hüququnun bərpasının vacibliyini həmkarlarına izah etməlidirlər”.

 

Mərkəzin ekspertləri hesab edirlər ki, bunun üçün Avropa paytaxtlarında görüşlər keçirilməli, geniş izahat işi aparılmalıdır:

“Əslində bu iş ötən ilin oktyabrında başlamalı idi. AŞPA-dakı məlum qrup məhz üç ay əvvəl Azərbaycan əleyhinə sənəd üzərində fəaliyyətə başlamışdı. Bu müddətdə həmin qrupun anti-Azərbaycan fəaliyyətini neytrallaşdırmaq mümkün idi.

Azərbaycanın Avropa stukturundan uzaqlaşıb sonradan qayıtmaq təcrübəsi var. Avropa Parlamenti 2015-ci ildə Azərbaycana qarşı qətnamə qəbul etdikdən sonra ölkəmiz “Avronest”i (Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının parlament formatı) tərk etmişdi. Bir il ərzində Brüssellə Bakı arasındakı intensiv dialoq nəticəsində Azərbaycan “Avronest”ə qayıtdı. Yəni qarşılıqlı istək olduqdan sonra Azərbaycanın AŞPA-ya da qayıdışı mümkündür”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password